
Azərbaycan millisi və "Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyevin Sportnet.az-a müsahibəsi
- Ötən mövsümü klubunuz üçün necə dəyərləndirərdiniz?
- Təbii ki, əla dəyərləndirirəm. Hər şey yaxşı oldu, ancaq ölkə kubokunun finalında məğlub olmağımız bizi məyus etdi. Eybi yoxdur. Bu gün məğlubiyyət olmalıdır ki sabah qələbənin dadını biləsən. Hesab edirəm ki, "Qəbələ” bu il ən yaxşı nəticələrindən birini qazandı.
- Klubla müqaviləniz başa çatıb, ya necə?
- Xeyr. Klubumla hələ qışa kimi müqaviləm var.
- Bəs sizin fikiriniz necədir? "Qəbələ”də qalmaq istəyirsiniz, yoxsa başqa klublardan təklif almısınız?
- Futbolçuya təklif gələ bilər, amma mənim klubumla müqaviləm var. Bu barədə heç nə deyə bilmərəm. Müqaviləm başa çatandan sonra digər klublarla danışa bilərəm.
- Yuri Syominin istefası Sizin üçün sürpriz oldu, yoxsa gedəcəyini gözləyirdiniz?
- Əlbəttə, sürpriz oldu. Heç istəməzdik ki, getsin. Çünki, o, yaxşı mütəxəssisdir, "Qəbələ”nin tanınmasında Syominin böyük zəhməti oldu. Təbii ki, burada rəhbərliyin, futbolçuların da əməyi var. Məncə, o, qalsaydı, "Qəbələ”nin uğurları üst-üstə gələcəkdi. Amma getməyi çox pis oldu. Onun getməyinə mən də məyus oldum.
- Qarşıda Avroliqa oyunları var və burada komanda olaraq ilk dəfə çıxış edəcəksiniz. Sizcə, "Qəbələ” digər klublarımızdan fərqli nəsə edə biləcək?
- Niyə də etməsin? Düzdür, baş məşqçinin olmaması bizi çox pis vəziyyətdə qoydu. İndi yeni baş məşqçi gələcək, taktikanı dəyişəcək. Ola bilər, futbolçuların çoxu dəyişilsin. Çox çətin olacaq. Ona görə də hazırlaşmaq lazımdır. Həyatda alınmayan bir şey yoxdur. Gərək futbolçu hər şeyi ürəkdən istəyə. Yenə də deyirəm, çox çətin olacaq. Çünki Avroliqada təcrübə də böyük rol oynayır. Təcrübə cəhətdən çətinlik çəkəcəyik. Amma futbolçular, baş məsqçinin istəyi böyük olsa, bu çətinliyin öhdəsindən gələ bilərik.
- Sizcə, geridə qalan mövsüm Elnur Allahverdiyev üçün uğurlu oydu, yoxsa istənilən kimi alınmadı?
- Əslində uğurlu oldu, amma mən bundan da yaxşı oynaya bilərdim. Buna görə də narazıyam. İnşallah, çalışacağam ki, gələn mövsüm daha yaxşı olum. Mən futbolçuyam. Nə qədər oynasam da, qıraqdakılar bəyənsələr də çıxışımdan razı ola bilmərəm. Mən bilirəm ki, potensialım böyükdür. Ondan da yaxşı çıxış edə bilərəm. Bu il çalışacağam ki, əsas potensialımı göstərə bilim.
- Millimizin ABŞ tolanışına niyə çağırılmadınız?
- Mən cəzalı idim. Söyüş söydüm deyə, Berti Foqts məni cəzalandırdı. Artıq 6-7 idir millidə çıxış edirəm. Çalşacağam ki, Azərbaycan üçün mübarizə aparım və öz yerimi heç kimə verməyim.
- Sizcə, hazırkı vəziyətdə "Qəbələ”yə necə baş məşqçi daha çox kömək edə bilər?
- Həmişə demişəm,yenə də deyəcəyəm. Mənim üçün, əlbəttə, yerli məşqçi yaxşıdır. Həmişə yerli məşqçi tərəfdarı olmuşam. Çünki bizim yaxşı yerli məşqçilərimiz var. Çox istərdim ki, yerli məşqçi olsun, amma bu, futbolçuların verəcəyi qərar deyil. Bu işə rəhbərlik baxır. Ümumiyyətlə, klublarımızın hamısında yerli məşqçinin işləməyini istəyərdim.
- Hazırda "Qəbələ” üçün bolqarıstanlı İvaylo Petevin adını çəkirlər. Sizcə, o, Syominin yerini doldura biləcəkmi?
- Belə baxanda, əlbəttə, Syominin futbol dünyası, karyerası qat-qat ondan üstündür. Yan-yana qoyanda, Syominin üstünlüyü o saat özünü büruzə verir. Əlbəttə, əvəz olunmaz insan yoxdu. Baş məşqçi də əvəzlənə bilər, futbolçu da, amma bu əvəzetmə çox çətin olacaq. İşləyib, görəcəyik necə olur. Onu da bilirəm ki, Azərbaycan çempionatı ən çətin çempionatlardan biridir. Hər məşqçi burada işləyə bilmir, sözünü deyə bilmir. Ona görə də baş məşqçinin təcrübəsi çox böyük rol oynayır. Azərbaycan çempionatını dərindən tanıyan baş məşqçi olmalıdır. Çünki bizim çempionat bir az qəlizdir.
- Bildiyimizə görə Mahir Şükürovla yaxşı münasibətiniz var..
- Bəli.
- Hazırda Şükürovun "Neftçi” ilə müqaviləsi başa çatıb və onu komandada saxlamaq istəmirlər. Buna münasibətiniz necədir?
- Mahiri?! Elə indi sizdən eşidirəm. Çox məyus oldum. O, komandasında özünü yaxşı tərəfdən göstərirdi. İstəməzdim ki, Mahir "Neftçi”dən göndərilsin. Ümid edirəm ki, hər şey onun üçün yaxşı olar.
Elmar VƏLİYEV