Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Əbdüləzimovanın Sportnet.az-a müsahibəsi
- Son üç qarşılaşmada ardıcıl olaraq Bolqarıstan yığmasına məğlub olmağınızın səbəbi nədir?
- Əslində oyuna hazır vəziyyətdə çıxmışdıq. Amma alınmadı. Deməzdim ki, bolqarlar o qədər güclüdür. Öz səhvlərimiz çox oldu. Belə fikirləşirik ki, bu oyun bizə dərs olar.
- Komandanızda kimin öyrənməyə daha çox ehtiyacı var?
- Hansısa səviyyəyə çatmısansa o demək deyil ki, daha məşq etməməlisən. Ən güclü oyunçular belə 2-4 saat məşq edirlər. Sadəcə, rəqib zəif olanda "Bunlar güclü deyil" deyə sakitləşirik.
- Hazırda hədəfləriniz nədir?
- Qarşıda dünya çempionatımız var, ora hazırlaşırıq. Demək olar ki, ailəmizin üzünü heç görmürük. Hansısa xarici ölkədən gəlirik, 1-2 gün əzizlərimizi görüb otelə yığışırıq. Ailəmiz üçün də darıxırıq.
- Ailənizdə narazılıqlar olur?
- Xeyr. Onlar bilirlər ki, bu, mənim həyatımdır. Bu həyatı özüm seçmişəm. Ona görə də normal baxırlar.
- Voleybol aləmində özünüzü kimə bənzədirsiniz?
- Heç kimə. Elə Ayşənə. Ayşən olaraq da qalaram. Voleybolun özünü sevib gəlmişəm. Elə öz komandamızdan Alla Həsənova, Yelena Şabovta kimi sevimli oyunçularım olub.
- Hansı kluba transfer olmaq istəyərdiniz?
- Mənim arzum "Fənərbağça” da oynamaqdır. Hələ iki il Azərbaycanda oynayım, gələcəkdə baxarıq.
- Artıq yay gəlib. Dincələ bilirsinizmi? Tətil planlarınız necədir?
- Tətil planlarını hələ özümüz bilmirik. Bir həftə dincəlməyə vaxt verilsə, sevinərik. Artıq avqustda toplantılar olacaq. Sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşmalıyıq. Amma dincəlmək istəyirəm, çünki milli komandada yorğunluq olur. Biri var klubun şərəfini qoruyursan, biri də var bütün Azərbaycanın. Daha çox yorğunçuluq, qazanmaq istəyi olur. Niyə Azərbaycan kiməsə uduzsun?
- Tətil demişkən, əcnəbi voleybolçular çimərlik şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Bizim voleybolçular niyə bunu etmir?
- Məncə, bu, xaricilərə yaraşır, amma azərbaycanlılara yaraşmaz. Mən heç vaxt paylaşmaram. İlk növbədə, mənim ailəm – atam, anam var, ona görə.
- Voleybolçu çox qazanır, yoxsa müğənni?
- Məncə, müğənni. Bizdə qazanc qat-qat azdır.
- Müğənnilərlə voleybolçular voleybol oynasalar, hansı müğənnimizlə eyni komandada olmaq istərdiniz?
- Ən sevdiyim müğənni Röyadır. Bəylərdən elə də yoxdur, kiminsə adını çəkə bilmərəm.
- Konçitaya münasibətiniz...
- O, öz həyatını belə qurub. Amma belə şeyi azərbaycanlılara yaraşdırmaram. Bizdə kişilər olmalıdır, Konçitalar yox!
Sevinc XANQIZI