Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev İtaliyanın Milan şəhərində yerləşən Atletlər kəndində olublar.
MOK-un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rəsmilər Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər.
Olimpiya kəndində şef-de-mission Anar Bağırov burada yaradılan şərait, hazırlıq prosesi, məskunlaşma və qidalanma ilə bağlı ətraflı məlumat verib.
Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib.
Ç.Hüseynzadə, A.Əliyev və F.Nağıyev Azərbaycan komandasının üzvlərinə uğurlar arzulayaraq, idmançıların ölkəni Qış Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.
Azərbaycan XXV Qış Olimpiya Oyunlarında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev olmaqla iki idmançı ilə təmsil olunur.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.





































































































