Hazırda Azərbaycanı təmsil edən boksçu Albert Səlimovun vətəndaşlığını dəyişməsi onun rusiyalı idmançılarla münasibətlərinə təsir etməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə 30 yaşlı idmançının özü "R-Sport"a açıqlamasında bildirib.
Dünya və 4 qat Avropa çempionu rusiyalı boksçularla dostluğu davam etdirdiyini, axşamlar birgə gəzintiyə çıxdıqlarını söyləyib: "Hələ Rio-de-Janeyroya gəldiyimiz gün Rusiya millisinin harada yerləşdiyini soruşdum. Dərhal onlarla görüşərək, uğurlar arzuladım. Mən bütün boksçularla ünsiyyətdə və dostluq münasibətlərindəyəm. Aramızda heç bir anlaşılmazlıq yoxdur. Həyat və idman fərqlidir. Biz indiyədək qardaş kimiyik".
Qeyd edək ki, Albert Səlimov Azərbaycan yığmasına keçdikdən sonra 60 kq çəki dərəcəsində "Bakı 2015" I Avropa Oyunlarının qalibi və ötənilki dünya çempionatının gümüş mükafatçısı olub. O, XXXI Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil edəcək.