Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.
Görüşə hər iki cüdoçu ehtiyarlı başlayıb. Buna görə hakim onlara xəbərdarlıq edib. Sonradan Orucov vazaari xalı ilə önə keçib. Az sonra Masias əvvəlcə vaza-ari ilə bərabərliyə, sonra ipponla qələbəyə nail olub. Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.
-----------
Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.
Bu, Azərbaycanın "Minsk 2019"da 5-ci medalı olub. 73 kq çəkidə final görüşündə isə Rüstəm Orucov finalda isveçli Tomas Masiasla qarşılaşacaq.
-------------
"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb. 28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi isə ermənistanlı Ferdinand Karapetyan olub. Bu dəfə Orucov Karapenyana vaza-ari xalı ilə qalib gələrək, yarımfinala adlayıb. Onun növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub. Bu dəfə Azərbaycan təmsilçisi 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb. Həlledici qarşılaşmada Orucovun rəqibi isveçli Tommi Masias olacaq.
Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn Heydərov 1/4 finala yüksəlib. 22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olub. Heydərov 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Heydərov da Orucov kimi Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə yüksəlib. O, medal əldə etmək üçün gürcüstanlı Laşa Şavdatuaşvilini udmalıdır.
Qadınların yarışında Nuriyyə Axundova (63 kq) isə 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.