Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0. Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib. O, Koliyevi də 7:5 hesabı ilə üstələyərək, yarımfinala çıxıb. Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.
97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.
Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.
86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.
Nəhayət, 125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.