“Hazırda koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”.
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, hansı ölkələrdə təhlükə görürlərsə federasiyalarla birlikdə qərar qəbul edilir: “Bu gün ölkələr bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. 5 aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.
Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutdakı Açıq Asiya Turniri koronavirusa görə baş tutmayıb. Yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.