![](/uploads/posts/2020-03/medium/1583412792_86860b21-bd0b-442d-9e84-21ff518e95ff.jpg)
Bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Naxçıvan şəhərində təntənəli şəkildə qeyd olunub.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və ümumilikdə 120-yə yaxın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına yola düşüb.
Qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyduqdan sonra onun xatirə muzeyini ziyarət ediblər.
Tədbir Naxçıvan Saat Meydanında davam edib. İlk olaraq, rəsmilər idman veteranları ilə görüşüb, onlara hədiyyələr veriblər. Daha sonra Naxçıvan şəhər Saat Meydanında Muxtar Respublikada fəaliyyət göstərən idman federasiyalarının stendləri ilə tanışlıq olub. Federasiya rəsmiləri yeniliklər, qazanılan uğurlar haqqında məlumat verdikdən sonra yerli idmançılar öz məharətlərini qısa proqramlar vasitəsilə nümayiş etdiriblər.
Bundan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov çıxış edib biliriblər ki, 25 il əvvəl bu gündə ulu öndər Heydər Əliyev ilk dəfə idman xadimlərini bir araya toplayıb. Bundan sonra Prezident İlham Əliyev bu tarixi Sərəncamla rəsmiləşdirib. Rəsmilər bildiriblər ki, Naxçıvan kimi ulu torpaqda bu bayramı bu gün birgə qeyd etmək ən böyük sevincdir.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında 11346 medal qazanıblar. Bunlardan 4081-i qızıl, 3254- gümüş, 4008-i bürünc medal olub. Sonda 10-a yaxın idman mütəxəssisi fəxri ad və diplomlarla mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.