"VIII hesabat-seçki Baş Məclisində üzvlər, federasiya rəsmiləri, klub və cəmiyyətlərin, Gənclər və İdman Nazirliyinin və MOK-un aparat nümayəndələri, həmçinin fəxri qonaqlar iştirak edirdi".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) üzvü olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulan və pandemiya səbəbindən təxirə salınan Baş Məclisin toplantısı bu gün gerçəkləşib: "İclas son olimpiya dövrünün hesabatı ilə başlanıldı. MOK-un 2017 - 2021-ci il fəaliyyəti ilə bağlı İcraiyyə Komitəsinin hesabatını vitse-prezident Çingiz Hüseynzadə səsləndirdi və görülmüş işlər qənaətbəxş kimi yekdilliklə qəbul edildi. Gündəlikdəki digər məsələlər MOK-un hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzələr idi. Ondan sonra hesabat-seçki Baş Məclisinin əsas məsələlərinə keçildi. Fürsətdən istifadə edərək, federasiyalar, klub və cəmiyyətlər, paytaxtın idman ictimaiyyəti adından Prezident İlham Əliyevi MOK-un rəhbəri seçilməsi münasibətilə təbrik edirik. Həqiqətən Prezidentin rəhbərliyi dövründə olimpiya hərəkatı, idmanın inkişafı, nəticələrimiz və Azərbaycandakı keçirilmiş müxtəlif beynəlxalq yarışlar bunu deməyə əsas verir ki, növbəti dövrdə bu sahədə işlər davam edəcək".
R.Abbasov MOK-un İcraiyyə Komitəsinə 12 üzvün, üzvlər arasından isə 3 vitse-prezidentin seçildiyini xatırladıb: "Seçilənlərin hər birini təbrik edirəm. Əminliklə deyə bilərik ki, yeni tərkibli İcraiyyə Komitəsi olimpiya hərəkatında olan idman növlərinin inkişafındakı yeni strategiyanı rəhbər tutaraq Azərbaycan idmanının inkişafı üçün bundan sonra da çalışacaqlar. MOK-un 105 üzvünün hər biri bugünükü toplantıda iştirak edərkən olimpiya hərəkatının inkişafı üçün zaman-zaman quruma rəy və təkliflərini verəcəklərini bildirdi".
İdarə rəisi Xəzər İsayevin vitse-prezident seçilməməsinə də münasibət bildirib: "Xəzər müəllim toplantıda iştirak edirdi. O, MOK üzvü seçildi. Keçmiş İcraiyyə Komitəsinin üzvləri də tədbirdə iştirak edirdilər. İcraiyyə Komitəsinin üzvlərini Baş Məclis irəli sürüb. Amma vitse-prezidentlər və baş katib İcraiyyə Komitəsinin daxili toplantısında seçilir. Onlar İcraiyyə Komitəsinin üzvləri sırasından seçilir".