"Düşünürəm ki, maraqlı, gərgin oyunun şahidi olacağıq. Belə həlledici oyunun gedişatında hər hansı dəyişiklik ola bilər. İstəkli komandaya qaşrı oynayırıq. Hər bir komandaya uğurlar arzulayıram". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə kubokun final oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, sözlərinə belə davam edib: "19 il bundan öncə "Neftçi" "Qarabağ"a qalib gəlmişdi. Revanş haqda düşünmürük, əlimizdən gələni edəcəyik. 19 il bundan əvvəl hər şey tam fərqli idi. Qismətimizdə varsa, istərdik kubokun qalibi olaq. Amma nə dərəcədə alınacaq, bunu bilmirəm. Artıq sabahkı heyət müəyyənləşib. "Neftçi"nin futbolçusu Flavinyonun meydana çıxmaması taktikamızda elə də dəyişikliyə səbəb olmadı. "Neftçi"nin son bir neçə oyununu izlədim. Meydanda istəkli cavan futbolçular vardı. İstərdim ki, komandalar tam heyətlə meydanda olsun. Hələ razı olardım ki, kiminsə qırmızı vərəqə cəzası, zədəsi varsa, onlar da meydanda olsun. Məşqlərdə penaltilər üzrə bir dəfə hazırlaşmışıq. Çox penalti üzərində işləmək hansısa futbolçuda inam, hansındasa inamsızlıq yarada bilər.
Bu iki ildə çempion olmaq bizim üçün çətin oldu. Sadəcə bu il yanvardan bu yana futbolçunun az olmağı bizə problem yaratdı. Ancaq keçən il az deyildi. Çempionatın keçən ilə nisbətən zəif olub olmamasına gəlincə, dekabra qədər ağır oyunlar oldu. Avropa Liqasında da çıxış edirdik. Bu il mübarizə daha çox oldu. Bəzi oyunlar vardı ki, öz komandamızın futbolçularının mübarizə əzmi, nəticə üçün oynamağı məni sevindirirdi. Bu qarşılaşma bizim son 1.5-2 ildə keçirdiyimiz ən çətin oyun olacaq".
Sonda isə Qurbanov transfer məsələsinə toxunub: "Futbolçu məsələsinə gəlincə, çox futbolçularımızla müqavilə müddəti başa çatıb. Ancaq heç kimlə danışığa getməmişik".