
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Böyükağa Hacıyev Sportnet.az-a müsahibəsində Avropa Liqasının I təsnifat mərhələsində bu gün mübarizəyə qoşulacaq klublarımızın şanslarını dəyərləndirib
- Gürcüstanın "Dinamo" klubu ilə qarşılaşacaq "Qəbələ"dən hansı nəticəni gözləyirsiniz?
- Bu gün "Qəbələ"yə elədə bələd deyiləm. Çox dəyişikliklər olub. Ancaq heyətə nəzər etsək, "Qəbələ" "Dinamo" Tbilisidən qat-qat güclüdür. Mənə elə gəlir ki, "Qəbələ" bu gün uğurlu nəticə qazanmalıdır. Gəlin onlara uğurlar arzu edək.
- Bəs "Laçi" ilə qarşılaşacaq "İnter"dən nə gözləyirsiz?
- Mən vaxtı ilə Albaniya klubuna qarşı oynamışam. Albaniya klubları "kaprizniy" olur. "İnter" isə yeni heyətlə çıxış edəcək. Məncə, "İnter" və "Neftçi" üçün ağır olacaq.
- "İnter"də olduğu kimi, "Neftçi"də də heyətdə çox dəyişikliklər olub. Komandanın əsas legionerləri gedib, indi heyətin əsasını gənc yerli oyunçular təşkil edir...
- Buna baxmayaraq Samir Əliyevə ürəkdən uğurlar arzu edirəm. O, prinsipial insandır. İnanıram ki, nəyə qadir olduğunu sübut edəcək. "Neftçi"də məhsul dəyişməsi gedir. Ancaq elə bil Müşahidə Şurası komandanı uzaqdan müşahidə edir. Biraz yaxınlaşmaq lazımdır. Samirə dəstək vermək lazımdır.
- Sizin vaxtınızda prezident Sadıq Sadıqov komanda ilə çox yaxından maraqlanırdı...
- Sadıq Sadıqov başqa bir prezident idi, düzgün strateg idi. Mən onunla işlədiyim dövrdə 3 ilə 6 nəticə verdik. O dövr başqa dövr idi. Həmin dövr "Neftçi"nin tarixinə qızıl hərflərlə yazılacaq.
- Oyunlara proqnozunuz...
- "Qəbələ" ilə "Neftçi" heç-heçə edəcək. "İnter" isə məğlub olacaq.
Röya KƏRİMLİ