
"18 il sonra yenidən vətənə qayıtdım. "Dinamo" hər zaman mənim ürəyimdə olub və belə də qalacaq. "Dinamo"nun heyətində bu gün avrokubok matçına çıxacam. Bu mənada "Qəbələ" ilə oyun mənim üçün xüsusi önəm daşıyır". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Dinamo"nun futbolçusu Aleksandr İaşvili Gürcüstan mətbuatına açıqlamasında deyib.
Avropa Liqasının I təsnifat mərhələsində bu gün qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışan 37 yaşlı futbolçu rəqibə güzəştə getməyəcəklərini bildirib:
"Avropa Liqasında bizi çətin oyun gözləyir. "Qəbələ" yaxşı komandadır, ancaq biz rəqibə güzəştə getmək fikrində deyilik. Daha öncə Azərbaycan Premyer Liqasında oynamışam. Oradakı dostlarımla söhbətimdə mənə eyni şeyi dedilər. "Qəbələ"nin əsasən legionerlərinə diqqət yetirməliyik. Biz bu gün öz oyunumuzu nümayiş etdirməliyik. Oyuna köklənməli və rəqibin güclü və zəif tərəflərini müəyyənləşdirməliyik".
Xatırladaq ki, 2013/2014 mövsümündə Bakı "İnter"inin şərəfini qoruyan İaşvili keçirdiyi 33 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, bu gün Boris Payçadze adına Tiflis stadionunda keçiriləcək "Dinamo" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (Qol.az)