Azərbaycanı Avropa Liqasında təmsil edən Bakının "İnter" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun meneceri Aleksey Barvinskinin "Report"a açıqlamasında bildirib.
Ötən mövsüm Zaqatala "Simurq"unun formasını geyinmiş Stepan Polyak "bankirlər"in düşərgəsinə qoşulub.
32 yaşlı yarımmüdafiəçi ilə bu gün 6 aylıq müqavilə imzalanacaq. "İnter" xorvatiyalının xidmətindən Avropa Liqasında yalnız ilkin mərhələni keçəcəyi təqdirdə, yararlana biləcək.
Qeyd edək ki, Zaur Svanadzenin baş məşqçi təyinatından sonra "İnter" Rauf Əliyev, Mirhüseyn Seyidov (hər ikisi "Neftçi"), Yuri Fomenko ("Şyaulyay", Litva), Nika Kvekveskiri ("Dila", Gürcüstan), Laşa Kasradze, Xuan Fransisko (hər ikisi AZAL) və Elnur Abdullayevi ("Simuq") transfer edib.