
Bakının "İnter" klubunun yeni transferi Styepan Polyakın Sportnet.az-a müsahibəsi
- "İnter"ə keçidin gözlənilməz alındı. Necə oldu ki, bu klubdan sənə təklif gəldi?
- "İnter"dən klubun meneceri Aleksey Barvinski zəng etdi. O, məni Bakıya dəvət etdi və dedi ki, baş məşqçimiz səninlə görüşmək istəyir. Bu söhbət hardasa 10 gün əvvəl olub. Əvvəlcə mən "İnter"dəki situasiyaya görə tərəddüd etdim. Çünki bilirdim ki, burada da "Simurq"dakı vəziyyətdir. Ancaq Aleksey dedi ki, vəziyyət artıq düzəlib, indi əvvəlki kimi durum pis deyil. Bir sözlə, o, mənə təklif göndərdi və biz razılaşdıq.
- Bəs "Simurq"dan necə, yeni təklif gözləyirdin?
- Yox. Çünki orada baş verənləri eşidirdim. İnternetdən oxuyurdum ki, vəziyyətləri hələ də çox pisdir. Ona görə də ordan hər hansı təklif gözləmirdim.
- "Simurq"da vəziyyət düzəlsə, Zaqatalaya qayıdarsan?
- Xeyr. Çünki hazırda "İnter"in müqaviləli oyunçusuyam. Bu klubla 6 ay+6 ay şərti ilə müqavilə bağlamışam. Burada hər şey məni razı salsa, 6 aydan sonra bu klubda yenə qala bilərəm.
- Keçmiş komandanın oyunçularının çoxu FİFA-ya klubdan şikayət ünvanlayacaqlarını bildirib. Sən də belə edəcəksən?
- Mən artıq FİFA-ya şikayətimi ünvanlamışam. Çünki mənim menecerim klubdan bəzi şəxslərlə əlaqə saxlamışdı. Ona klubdan heç kim cavab verməmişdi. Mən də çıxış yolu kimi pulumu almaq üçün FİFA-ya şikayət etməyi qərara aldım.
- Xorvatiya və Albaniya bir-birinə yaxın ölkələrdir. Albaniya futbolu, yeni klubunun Avroliqanın ilkin təsnifat mərhələsindəki rəqibi "Laçi" haqqında nələri bilirsən?
- Bilirəm ki, Xorvatiyadan bəzi oyunçular Albaniya çempionatında oynayıb. Bir xorvat mərkəz müdafiəçisi (Matey Baqariçi nəzərdə tutur - red.) "Laçi"də ötən mövsümdən çıxış edir. Ancaq o, ilk oyunda meydana çıxmadı. Mən 2012-ci ildən Azərbaycanda oynayıram. Ona görə də Albaniya çempionatı haqda o qədər də dərin təsəvvürə malik deyiləm.
- Sabahkı oyunda meydanda olmayacaqsan. Səfərdə vurduğu 1 qol "İnter"ə üstünlük qazandırıb. Səncə, yeni komandan hesabı qorumaq üçün müdafiədən oynayacaq?
- Komandaya yeni qoşulmuşam. Bilmirəm ki, baş məşqçimizin bu oyuna taktikası necə olacaq?! Heç ilk oyuna da baxa bilməmişəm. Çünki Azərbaycan telekanalları bu oyunu göstərmirdi. İstənilən halda, dediyiniz kimi, 1:1 yaxşı nəticədir. Düşünürəm ki, "İnter" II mərhələyə adlayan komanda olacaq.
- "Simurq"dakı baş məşqçin Georgi Çixradze gürcü idi. İndi "İnter"də onun həmyerlisi Zaur Svanadzenin rəhbərliyi altında oynayacaqsan. Bu 2 gürcü məşqçi arasında hansı fərqlər var?
- Hər hansı fərqin olduğunu deyə bilmərəm. Çünki burada cəmi bir neçə məşq keçmişəm. Ancaq bu məşqlərə əsasən deyə bilərəm ki, "İnter"in yeni baş məşqçisi komandadan futbol oynamağı, yalnız müdafiədə oturmamağı tələb edir. Komandaya yeni oyunçular gəlib. Onların bir-birinə uyğunlaşması üçün zamana ehtiyacı var. Bu da məşqçinin işinin asan olmadığını göstərir.