
"Qəbələ"nin Avropa Liqasında Serbiyanın "Çukariçki" komandası ilə keçirəcəyi cavab görüşündə 2 futbolçusu çıxış etməyəcək. Sportnet.az-ın məlumatına görə, bunlar Vitali Vernidub və George Floreskudur.
Ukraynalı müdafiəçi ilə rumıniyalı yarımmüdafiəçi Avroliqadakı ardıcıl 3 oyunda sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Onlar I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə hər iki qarşılaşmada, ötən gün isə Serbiyada "Çukariçki" ilə qarşılaşmada cəzalanıblar. Turnirin əsasnaməsinə görə, təsnifat mərhələsində hər 3-cü sarı vərəqədən sonrakı matçda futbolçu avtomatik diskvalifikasiyaya məruz qalır.
"Çukariçki" ilə qarşılaşmada "Qəbələ"nin ümumilikdə 5 futbolçusu sarı vərəqə alıb. Floresku və Vernidubdan əlavə, kapitan Cavid Hüseynov təsnifat mərhələlərində ikinci, Rafael Santos və Ürfan Abbasov ilk dəfə cəzalanıb. Bu isə o deməkdir ki, Hüseynov iyulun 23-də keçiriləcək cavab matçında daha bir sarı vərəqə alsa, "Qəbələ" mərhələ adlayacağı təqdirdə, Avroliqadakı III təsnifat mərhələsinin ilk görüşünü buraxmalı olacaq.
Serbiya komandasının heyətində isə Sloveniya "Domjale"si ilə əvvəlki mərhələnin hər iki görüşündə Draqolyub Srniç sarı vərəqə alıb. Lakin o, "Qəbələ" ilə ilk qarşılaşmada özünü növbəti vərəqədən gözləyərək, cavab oyunu üçün cəzalı duruma düşməyib.
Qeyd edək ki, cavab oyunu Bakıdakı "Bakcell Arena"da keçiriləcək.