
"İstərdim ki, qrupda millimizə əsas rəqib İspaniya olsun. Amma püşk Almaniyanı çıxardı. Bununla belə, Fransa, Hollandiya və İsveç kimi ölkələrin yer aldığı qrupa düşməkdənsə, hazırkı qrup daha əlverişlidir". Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Şurasının üzvü və Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Almaniyanın gücünün hamıya bəlli olduğunu deyən təcrübəli mütəxəssis Norveçin AVRO-2016-nın, Şimali İrlandiyanın isə DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer aldıqlarını xatırladıb. O bildirib ki, 2009-cu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş turnirdə yığmamızın Çexiyaya 2:0 hesabı ilə qalib gəlməsi bu rəqibin yenə eyni təsiri bağışlayacağı anlamına gəlməməlidir.
Bununla belə, Mircavadovun sözlərinə görə, komandamız belə güclü rəqiblərdən xal almalıdır ki, özünə inamı artsın: "Qrupumuzdakı komandaların hamısı mübarizdir. Onları yaxşı analiz edərək, vuruşmaq lazımdır. Növbəti seçmə tsiklədək mübariz komanda formalaşdırılmalıdır. Elə bir komanda ki, bu yaxınlarda Norveçlə heç-heçə etdiyi oyundakı kimi çıxış etsin. İstək olan yerdə nə isə əldə etmək olar. 2004-cü ildə kim inanardı ki, Yunanıstan Avropa çempionu olacaq? Amma oyunları, xarakterləri və nizam-intizamları ilə qalib oldular. Biz də bu xüsusiyyətlərimizlə qalib ola bilərik. Ona görə çox işləməli, birgə fəaliyyət göstərməliyik".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Çexiya, Norveç və Şimali İrlandiyadan savayı, San Marino ilə də eyni qrupa düşüb.