"Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsində Kipr "Apollon”u ilə iyulun 30-da keçirəcəyi ilk oyununun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, Serbiya "Çukariçki”sini üstələdikdən sonra iki gün istirahət etmiş "qırmızı-qaralar” Bakıda bir araya gəlib.
Ötən gün axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Baş məşqçi Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib. "Qəbələ” Larnakaya yollananadək hazırlığını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, "Apollon” - "Qəbələ” oyunu "Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.