
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlər üçün brifinq keçirib. Sportnet.az onun fikirlərini təqdim edir...
- Hamımız oyuna birgə şahidlik etdik. Doğrudan da "Qarabağ" qürurverici, möhtəşəm oyun sərgilədi. Lakin nəticə alınmadı. Yaddan çıxarmayaq, qarşımızdakı 3 mövsüm öncə Çempionlar Liqasının qrup mərhələsində "Barselona"nı yenmiş klubdur, "Mançester Yunayted"dən gələn, milli komandalarda, o cümlədən, Hollandiya yığmasında çıxış edən futbolçuları var. Buna baxmayaraq, "Qarabağ"ın cəsarəti, oyun keyfiyyəti dünyaya sübut olundu. Hamınıza "keçmiş olsun" deyirəm, amma "Qarabağ"la fəxr edir, komandamızın sərgilədiyi oyunla qürur duyuram. Təəssüf ki, bu mərhələni keçə bilmədik.
- Yeni transferləriniz Pupon, Kintana və Əl-Yadeyauinin oyunlarına baxanda onlara bu qədər pul xərcləməyinizdən təəssüflənmirdiniz?
- Xeyr. Mən oyundan razı qaldım. Baş məşqçimiz Qurban Qurbanova tam inanırıq. O, çox gözəl oyun qurub. Əlbəttə, yeni transferlər oyundan-oyuna komandaya uyğunlaşacaqlar. Hər oyunda daha güclü "Qarabağ" görəcəyimə inanıram. Yox, bu gün dediyiniz fikirdə deyiləm. Əksinə, "Qarabağ"dan tam razı qaldım.
- Leroy Corc və Muarem Muarem üçün darıxırsınız?
- "Yox" desəm, yalan olar. Əlbəttə!