"Qəbələ”nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb. Sportnet.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək. Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
Musavat.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin sabiq kapitanının həbs edilən bibisioğlunun ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar futbolçudur, bəzi komandaların, o cümlədən, AZAL komandasının əvəzedici heyətində oynayıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, İsmayılov ötən mövsümün ikinci yarısında "təyyarəçilər"in heyətində yer alıb. Sonradan isə o, komandadan ayrılıb.