
Yunanıstanın "sport24.gr" saytı Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la "Qəbələ” arasında keçiriləcək oyunlar öncəsi "qol.az"ın baş redaktoru Aydın Bağırovun fikirlərini öyrənib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu doğrudur ki, "Panatinaikos”la Bakıdakı oyun zamanı "Qəbələ”ni Azərbaycan klublarının hamısının azarkeşi dəstəkləyəcək. Bir də sizin Bakıya gələcək "Panatinaikos” azarkeşlərinə mesajınız nə ola bilərdi?
- Azərbaycanda futbolu çox sevirlər. Avropa kuboklarının oyunları zamanı azarkeşlər demək olar ki, klublarımız arasında fərq qoymur. Bu mənada, "Panatinaikos”la oyun da istisna deyil. Əminəm ki, həmin günü stadion tam dolacaq və bizim azarkeşlər "Qəbələ”dən öz dəstəyini əsirgəməyəcək. O ki qaldı yunan fanatlarına, əminəm ki, onlar Bakıdan və qonaqpərvər Azərbaycan xalqından razı qalacaqlar.
- Azərbaycanda "Panatinaikos”a münasibət necədir?
- Bu klub Azərbaycanda da yetərincə tanınır. Bu komandaya hörmətlə yanaşırıq. Bilirik ki, "Panatinaikos” Yunanıstan futbolunun nəhənglərindəndir. Bu cütlükdə favorit yunan komandasıdır. Amma bizim öz komandamız olan "Qəbələ”yə inanımız böyükdür. Onların Avroliqanın qrupuna düşəcəyinə də ümid edirik.
- Oyunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. "Qəbələ” və polis bu istiqamətdə nə kimi işlər görür?
- Mənim Bakıda "Panatinaikos” və yunan azarkeşlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunacağına heç bir şübhəm yoxdur. Bu, Azərbaycanın qəbul etdiyi birinci və sonuncu idman yarışı deyil. Siz indiyədək eşitmisinizmi ki, bizdə idman yarışları zamanı hansısa problem olsun? Əlbəttə, yox! Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il neçə-neçə beynəlxalq səviyyəli idman yarışı keçirir. Bu il ölkəmizdə I Avropa Oyunları keçirildi. O yarışda iştirak edən bütün idmançılar, o cümlədən, sizin Yunanıstanın atletləri Azərbaycan dövləti tərəfindən idmançıların təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunduğunu təsdiqləyə bilərlər. İdmançıların və qonaqların təhlükəsizliyi bizdə hər zaman yüksək səviyyədə qorunub. "Qəbələ” - "Panatinaikos” oyunu zamanı da belə olacaq.
- Cavid Hüseynov "Apollon”la oyundan sonra qələbəni Türkiyə bayrağı ilə qeyd etdi. Sizinkilər idmanı niyə siyasətə qatır?
- Cavid Hüseynov həmin oyundan sonra öz sevincini meydanda Azərbaycan, eyni zamanda bizə qardaş dövlət olan Türkiyənin bayrağı ilə dövrə vurmaqla qeyd edib. Bu hərəkətlə heç kim təhqir olunmayıb. Amma təəssüf ki, Kiprdəki oyunda bizim bayraq cırılaraq təhqir olunmuşdu. Azərbaycandakı təkrar oyun zamanı isə bizim azarkeşlər yunan fanatlardan fərqli olaraq belə təxribatçı əməllərə yol vermədilər.
- Jurnalist Rasim Əliyevlə bağlı nə deyə bilərsiniz? Onun futbolçu Cavid Hüseynovun yaxınları tərəfindən Facebook-da yazdığı statusa görə döyülməsi faktı doğrudur?
- Bəli. Təəssüf ki, bu hadisədən sonra Rasim xəstəxanada dünyasını dəyişdi. Azərbaycan cəmiyyəti, o cümlədən, Azərbaycan dövləti bu cinayəti kəskin şəkildə pislədi. Dövlət başçısı bu məsələni şəxsi nəzarətinə götürdü və qətli törədənlər tezlikdə tapılaraq həbs edildi.
- "Amnesty International” təşkilatı Azərbaycanda jurnalistlərə təzyiq olunduğunu bildirir...
- Mən bu qurumun qeyri-ciddi bəyanatlarını şərh eləmək istəmirəm. Bircə faktı deyim ki, Rasim Əliyevin qətlini ilk gündən pisləyən və bunu söz azadlığına hücum kimi qiymətləndirənlərdən biri prezident İlham Əliyev olub. Rasimin qətlindən cəmi bir gün sonra cinayətin bütün iştirakçıları həbs edilib. Azərbaycan dövləti ölkədə söz azadlığının təmin olunmasına, jurnalistikanın inkişafına yetərincə dəstək verməkdədir.
- Belə xəbərlər var ki, "Panatinaikos”la oyunlardan əvvəl Cavid azadlığa buraxılacaq, sonra isə yenidən türməyə qaytarılacaq? Axı onun adı "Panatinaikos”la oyun üçün UEFA-ya sifariş olunub...
- Mən bilmirəm, siz yunan jurnalistləri bu qədər gülməli və qeyri-ciddi xəbərləri haradan alırsız. Siz özünüz belə bir şeyə inanırsınız? UEFA-ya sifariş məsələsinə gəlincə, bu, sırf təxniki məsələdir. Cavidin adı UEFA-ya avqustun 10-da göndərilib. Yalnız bir gün sonra - avqustun 11-də futbolçu həbs olunub.