
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov İsveçrə "Yanq Boyz"unu 3:0 hesabı ilə yenərək, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları təkrar "pley-off" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə təəssüratlarını bölüşüb:
- İlk növbədə, bütün azarkeşləri, "Qarabağ"sevərləri, futbol cameəmizi və xalqımızı bu qələbə münasibətilə təbrik edirəm. Bu, hamımızın birgə qələbəsidir. Qələbəyə çox ehtiyacımız vardı. Hansı adı daşıdığımızı, məsuliyyətimizi dərk edirik. Layiqli oyun sərgiləyərək, qələbə qazandıq.
- Əsas çətinliyiniz nədən ibarət oldu?
- Meydança haqda danışmaq istəmirəm. Çünki "Seltik"lə matçdan sonra da danışmamışdıq. Meydanda bir az problem var idi. Bu, hər iki komanda üçün eyni idi. Oyundan öncə bu vəziyyətin bizə daha çox çətinlik yaradacağını düşünürdük. Çünki biz daha texnikalı oynayan komandayıq. Rəqib isə istədiyi vaxt uzun ötürmələrdən yararlanaraq, bizi çətin vəziyyətə sala bilirdi. Bu gün futbolçuların hər biri ilə fəxr edirəm. Lazım olduqda texnikalı, lazım olduqda mübariz oyun sərgilədilər. Məşqçilərimiz də oyundan əvvəl tapşırıq vermişdilər ki, hesabı qorumağa çalışmayacaq, hücumlar quracaq, meydanın durumuna fikir verməyəcək, öz oyunumuzu sərgiləməyə çalışacağıq.
- İndiyədək "Qarabağ"dan belə gözəl oyun görmüşdünüz?
- Demək olar ki, yaxşı oyunlarımızdan biri idi. İndi də "Qəbələ"nin oyununa baxmağa tələsirəm. Ürəyimiz, fikrimiz Afinadadır. İnşallah, iki komanda qrup mərhələsində oynasa, çox yaxşı olar.