
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə qrup mərhələsindəki rəqibləri – Rusiya və Portuqaliya yığmaları mundialla erkən vidalaşdı. Hər iki kollektiv qrup səddini aşa bilmədi.
Hələ DÇ-2014-ün seçmə qrup mərhələsinin püşkü atılan kimi həm yığma üzvlərimiz, həm federasiya məmurları, həm də millimizin baş məşqçisi Berti Foqts bir ağızdan Portuqaliya və Rusiyanı qrupun aşkar favoriti adlandırdılar. Özü də bu yığmalar əlçatmaz bir zirvə kimi təqdim edilirdilər. Yəqin ki, dünən Əlcəzair – Rusiya oyununa bir çox futbol məmurumuz da baxdı. Afrikalıların əlahiddə heç bir şeylə yadda qalmadıqları görüşdə istədikləri nəticəni ala bilmələri yalnız ondan xəbər verir ki, ruslar qeyri-adi kollektivə sahib deyillər. Axı nə etdi Rusiya mundialda? Böyük ölçüdə turist kimi gəldilər, elə eyni şəkildə də yola salındılar. Cənubi Koreya ilə oyunda İqor Akinfeyevin buraxdığı qol isə göstərdi ki, şimallıları istənilən məsafədən endirilən zərbəylə cəzalandırmaq mümkündür. Sadəcə, qorxaq futbolla yox, öz gücünə inanaraq, meydana çıxmaqla. Necə ki, əlcəzairli futbolçular dişləri-dırnaqları ilə meydançanın hər qarışı uğrunda vuruşurdular.
Bəs Portuqaliya? Bu ölkənin millisi isə Kriştianu Ronaldodan ibarətdir. "Tək əldən səs çıxmaz”, deyiblər. Ronaldonun səyləri məhz bu məsələ uyğun oldu. Almaniya və ABŞ-ı özündən irəliyə buraxan Portuqaliya mundialda qrup 3-cülüyü ilə kifayətləndi. Deməli, milli formanı geyinərkən, klubundakından daha çox canınını qoymalısan. Necə ki ABŞ, Kosta Rika, elə həmin Əlcəzair yığmasının futbolçuları bunu edirdilər.
"Biz zəifik, onlar isə əjdaha” söyləyərək, yaxanı qırağa çəkməklə deyil. Foqts deyir ki, Portuqaliyanın, Rusiyanın, İtaliyanın ənənələri var, Azərbaycanda isə "quraqlıq”dır. Mən də deyirəm ki, 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına qədər bu ölkədə "sokker” adlanan idman növünün nəinki ənənələri var idi, heç ona maraq belə yox idi. Bəs necə oldu ki, Foqtsun məsləhətçi kimi çalışdığı yığma bu gün Portuqaliyanı qrupda qoyub, özü yolunu davam edir? Axı onların nə ənənəsi olub, nə də futbolu. Deməli, bu, bir bəhanədir. Özü də "futbol mətbəxi”ndə çalışan hər bir kəsə sərf edən bəhanə.
Elə Avro -2016-da yığmamızın rəqibləri olacaq Xorvatiya ilə İtaliyanın da mundialda gördükləri qrup mərhələsi oldu. Nəinki İtaliya yığması, hətta italiyalı mütəxəssislər fiaskoya uğradılar. Çezare Prandelli "Skuadra Adzurra”nı, Alberto Zakkeroni Yaponiyanı, Fabio Kapello isə Rusiyanı qrupdan çıxara bilmədi...
Əziz futbol biliciləri, bəlkə bəs edər? Axı İtaliyanı da gördük, Xorvatiyanı da. Axı Rusiyanın nə kökdə olduğunu hətta sizlər də gördünüz. Bəlkə bəhanələrə son qoyub, həqiqəti danışasınız? Həqiqət də ki, üzdədir. ƏNƏNƏSİ OLMAYAN ABŞ və Yaponiya mundialda, Latviya Avropa çempionatında iştirak edir, Ermənistan AÇ-2012-nin seçmə mərhələsini qrup 3-cüsü kimi tamamlaya bilir, biz isə "onlar güclüdür” deməklə təskinlik tapırıq...
Ceyhun ƏLİYEV