"Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.
O bildirib ki, "Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, bundan qorxmayıblar: "Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq. İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, "Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdir. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündür. Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki, futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar".
Oyunda ilk qolu Şahin Diniyevin "Qarabağ"da çıxış edən oğlu Coşqun Diniyev vurub. O, 38-ci dəqiqədə "Kəpəz"in qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Ata Diniyevin buna reaksiyası belə olub: "Sizə bir söz deyim: Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: "2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki "get özünə yer tap, daha evə gəlmə”. Sözsüz, bütün bunlar zarafatdır. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdır. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.