"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales Rusiyanın "Krılya Sovetov" klubu ilə müqavilə bağlayıb. Sportnet.az-ın Samara təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı hücumçu tibbi müayinədən sonra rəsmi anlaşmaya qol qoyub.
Kanales 32 nömrəli formada çıxış edəcək. O, sabah Rusiya Premyer Liqasında iştirak üçün sifariş olunacaq. Çilili forvard "Krılya Sovetov"a azad agent kimi keçib.
Qeyd edək ki, Nikolas Kanales əvvəllər vətənində "Kolo-Kolo", "Universidad", "Kobresal" və "Palestino" kimi klublarda, eləcə də Portuqaliya komandalarında forma geyinib. Amma Kanales özünü məhz "Neftçi"də ən yaxşı tərəfdən göstərə bilib. O, 2012-2013-cü il mövsümündə 26 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Ümumilikdə isə təcrübəli forvard flaqmanın heyətində 52 oyuna 39 qol vurub.