
"Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə "çox sağ ol” deyirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
O, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamadıqlarını bildirib: "Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun. 2 gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq".
Statistika ilə maraqlanmadığını deyən ukraynalı mütəxəssis hesabın 6:0 olması və digər məsələlərə önəm vermədiyino söyləyib. Onun sözlərinə görə, əvvəllər olanların bu gün üçün əhəmiyyəti yoxdur: "Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır. Düşünürəm ki, futbolçu heç vaxt arxayınlaşmamalıdır. Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalısan”.
Qriqorçuk Qurban Qurbanovun "İnter" - "Qarabağ" matçındakı penalti ilə bağlı məlum qərarına da münasibət bildirib: "Mənim Qurbana çox böyük hörmətim var. Özü ilə danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. "Qarabağ” kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək”.