"Əl-Şaraviyə qarşı oyunumuz "Monako" ilə görüşdə köməkyimizə çatacaq"
Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Qara Qarayev İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun barədə nə düşünürsünüz?
- Bakı Olimpiya Stadionunda doğma azarkeşlər önündə oynamaq həqiqətən də sevindirici idi. Oyun isə çox çətin oldu. İtaliya millisi komplektləşdirilmiş heyətlə səlis çıxış edirdi. Bütün hücumları düşünülmüş idi. Ona görə çətinlik yaradırdılar. Rəqibin istedadı da, keyfiyyəti də göz önündə idi. Bizim üçün çətin oyun alındı. Hələ seçmə mərhələdə bir oyunumuz qalıb. Artıq İtaliya ilə qarşılaşmanı yaddan çıxarıb Bolqarıstanla matçı düşünməliyik.
- Sizcə, oyunun qırılma nöqtəsi hansı epizod oldu?
- Məncə, ikinci qolu buraxmağımız. İlk qoldan sonra komandamızda inam var idi. Bunun nəticəsində hesabı bərabərləşdirdik. İkinci qoldan sonra yenidən bərabərlik qolunu vurmağımız çox çətin idi. Düşünürəm ki, ikinci qol oyunun qırılma nöqtəsi oldu.
- Rəşad Sadıqov millidə 100-cü oyununu keçirdi. Bu amil kollektivə əlavə motivasiya verirdi?
- Həm Rəşadın yubiley matçı, həm də Ruslan Abışovun ad günü idi. Qələbə qazansaydıq, məncə, hər ikisinə yaxşı hədiyyə olardı. Lakin hədiyyə edə bilmədik. Rəşadı da, Ruslanı da təbrik edirəm. İnşallah, uğurları daha böyük, karyeraları daha uzun olar.
- Sizcə, Rəşad Sadıqovun yığmada növbəti oyunları keçirməyə gücü var?
- Təbii ki, millidə qala bilər. Amma bu, onun öz qərarıdır. Çox istərdik ki, yenə də bizimlə davam etsin. Bir lider kimi hələ ona ehtiyacımız var.
- Sanki hücum etməyə çətinlik çəkirdiniz...
- Belə düşünmürəm. Biz bu gün Maltaya yox, İtaliyaya qarşı oynayırdıq. Həqiqətən də belə komandalara qarşı asanlıqla hücum qurmaq çox çətin idi. Çalışırdıq ki, ehtiyatlı oynayaq. Hesabda geri olduqda da ehtiyatı əldən verməməli idik.
- Bədavi Hüseynov qırmızı vərəqə üzündən Bolqarıstana qarşı oynamayacaq. Onun yoxluğu Bolqarıstanla matçda çıxışınıza təsir göstərəcək?
- Bədavi neçə vaxtdır oturuşmuş heyətdə yer alırdı. Sözsüz ki, hansısa çətinlik ola bilər. Amma yəqin ki, baş məşqçimiz bu haqda düşürək, qərar verəcək.
- Bu gün Stefan Əl-Şaraviyə qarşı oynadınız. Onunla "Qarabağ"ın "Monako" ilə keçirəcəyi Avropa Liqası qarşılaşmalarında da üz-üzə gələcəksiniz. Əl-Şaravi necə təsir bağışladı?
- Oyunçu olaraq, səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Ustalığı göz önündədir. Amma düşünürəm ki, Əl-Şəravi ilə az da olsa, bir meydanda oynamaq "Monako" ilə qarşılaşmada bizə bəlkə kömək edə bilər. Onun oyun üslubunu, cəhətlərini əyani görmək daha fərqlidir. Bu gün Əl-Şəraviyə qarşı oyunumuzun "Monako" ilə qarşılaşmada köməyimizə hansısa formada çatacağını düşünürəm.
- İtaliya ilə qarşılaşmanın müsbət nəticəsi baş məşqçi Robert Prosineçkinin vətəni Xorvatiyanın da işinə yarayırdı. Baş məşqçi bu barədə bir söz deməmişdi?
- Xeyr, biz kimin üçünsə yox, özümüzə xal qazanmaq üçün oynayırıq. Bu oyunda da xal qazansaydıq, düşünmürəm ki, Xorvatiyaya da hədiyyə olacaqdı. Bu, elə bizim xalımız sayılacaqdı.
- Bolqarıstanla qarşıdakı oyundan nə gözləyirsiniz?
- Həqiqətən də çox ağır səfərə gedirik. Bu gün İtaliyaya qarşı oyun keçirib səhəri gün Bolqarıstana yollanmaq həqiqətən də çox çətindir. Bununla belə, düşünürəm ki, yaxşı nəticə ilə qayıda biləcəyik.
- Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev son oyunda gənclərə şans verəcəyini bildirib.
- Məğlub olmasaq, bu, azarkeşlərimizə layiqli hədiyyə olar. Yəqin ki, yığmaya çağırılan gənclər hansısa potensiala malikdirlər ki, dəvət alırlar. Əksinə, düşünürəm ki, gənclər özlərini sübut etməyə daha çox çalışacaqlar. Bu da bizə çətinlik yaradacaq.