Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, bu gün keçirilən final qarşılaşmalarında Elvin Məmişzadə (52 kq) ilə Albert Səlimovun (60 kq) rəqibləri kubalılar olub.
Məmişzadə Yosbani Veytianı hər 3 raundda yenərək, karyerasında ilk dəfə dünya çempionu olub. Əvəzində Albert Səlimov Lazaro Alvareslə qarşılaşmada zədə üzündən sonadək döyüşə bilməyib. Nəticədə ikinci raundda döyüş saxlanılıb və Alvares qalib elan olunub. Əvvəllər Rusiya yığmasının heyətində dünya və Avropa çempionluğu qazanmış Səlimov millimizin tərkibində gümüş medalla kifayətlənib.
Daha öncə Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Elvin Məmişzadə Azərbaycanın boks üzrə dördüncü dünya çempionudur. Daha öncə Ağası Məmmədov (2003), Məhəmmədrəsul Məcidov (2011, 2013) və Cavid Çələbiyev (2013) planetin ən güclüsü olub.
-----------------------------------------------------------------------------------------------------------------------
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 2 boksçusu final görüşə çıxacaq. Sportnet.az-ın məlumatına görə, Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) qızıl medal uğrunda döyüşəcək.
Hər iki boksçunun rəqibi kubalılar olacaq. E.Məmişzadə Yosbani Veytia ilə, A.Səlimov isə Lazaro Alvareslə qarşılaşacaq.
Son yarış günündə Azərbaycanın daha bir boksçusu rinqə çıxacaq. Pərviz Bağırov (69 kq) çinli Liu Ve ilə 3-cü yer uğrunda mübarizə aparacaq. Bağırovla Ve bürünc medalı və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Amma reqlament 3-cü yer uğrunda da görüşün keçirilməsini tələb edir. Bağırovdan əlavə, Məmişzadə ilə Səlimov da Rio-2016-ya lisenziya qazanıb.
Qeyd edək ki, Abdulqadir Abdullayev (91 kq) də dünya çempionatında bürünc medala yiyələnib. Bununla da Azərbaycanın boks üzrə milli komandası tarixdə ilk dəfə mundialda 4 medalı təmin edib. 3-cü yer uğrunda və final görüşləri Bakı vaxtı ilə saat 21:00-dan etibarən start götürəcək.