"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəzi məqamlarla bağlı jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni "Report"a istinadən təqdim edir...
- "Asan Xidmət" ilə bağlanan müqavilənin şərtləri necədir?
- Hamısı müqavilədə göstərilib və anlaşma açıq-aşkar çap olunacaq. Narahat olmayın. Amma məbləğ 10 milyon manat deyil. Bunu deyə bilərəm.
- Müşahidə Şurasına (MŞ) yeni üzvlərin daxil olması ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Fərhad Bədəlbəyli uşaqlıqdan futbolu sevir. Bizdən əvvəl Müşahidə Şurasına rektorları cəlb edən "Kəpəz" klubu düzgün iş görüb. Rektorlar ona görə lazımdır ki, onlar tələbələrlə, cavanlarla ünsiyyətdə olsunlar. Siz o vaxt heç anadan da olmamışdınız, 1968-ci ildə Portuqaliya çempion olanda, Fərhad Bədəlbəyli gedib Lissabonda futbolçu Eysebio ilə şəxsən görüşmüşdü. Sizə bir az şikayət də edim: onlar, yəni Polad Bülbüloğlu, Müslüm Maqomayev, Leonid Vanşteyn, Fərhad Bədəlbəyli futbol oynayanda, məni stadiona buraxmırdılar. Balaca olduğum üçün mənə deyirdilər ki, "sən top daşı". İndi nə etmək olar (gülür)?
- Bakı Musiqi Akademiyası tələbələrinin "Neftçi"nin oyunlarında görünəcəyini gözləmək olar?
- Bəli, olar. İnanmıram ki, bu məcburi olsun. Kim istəsə gələcək, bəlkə də rektora görə gəldilər. Amma məncə, rektor öz nüfuzundan istifadə edəcək. Bəs niyə görə Müşahidə Şurasının o biri üzvlərini soruşmursunuz? Azərbaycanda mini-futbolun əsasını qoyan Mehdi Nəcəfovu, bizim tanınmış futbolçumuz", millinin baş məşqçisi Əsgər Abdullayevi... İndi deyəcəksiniz ki, Əsgər Abdullayev mənim qohumumdur. Xeyr, qohumum deyil (gülür).
- Sizcə Abdullayev baş məşqçi kimi faydalı olar, ya MŞ-nın üzvü kimi?
- Hələlik Müşahidə Şurasının üzvüdür. Bizim baş məqçimiz var və onu dəyişmək fikrimiz yoxdur. Biz onun yaxşı işlədiyini hesab edirik. Qoy, işləsin, özünü göstərsin.
- Müqavilə neçə illik nəzərdə tutulub?
- Təbii ki, 5 illik istəyirik. Hələlik 3 illikdir. Amma bu müddət uzadılacaq. Biz, ümumiyyətlə, əməkdaşlığın davamlı olmasını istəyirik. Bu müqavilə həm bizim, həm də onların nüfuzunu qaldıracaq. Hər şey bir yana, amma meydanda qələbə qazanmaq lazımdır. Gəldiniz, gördünüz, təntənəli gecə oldu. Müqavilə bağlamışıq, yeni Müşahidə Şurasının üzvləri ilə tanış olmusunuz. Amma "Neftçi"nin qələbələri olmalıdır. Düzdür, mən bildirdim ki, bizim komanda hazırlamağımız 2-3 il çəkəcək, amma "Neftçi" hazırda 5-6-cı yerdə getməməlidir. Bu, şəxsi fikrimdir. Hər oyunda qələbə qazanmalıyıq. Onu da deyim ki, digər komandalar "Neftçi"yə qarşı xüsusi oyun sərgiləyirlər. Onları da başa düşürəm.
- Tədbir zamanı hakimliklə bağlı hazırladığınız kompozisiya onlara ədəbi dildə bir cavab idi, yoxsa...
- Xeyr, bu, pantomima idi, hakimlərə ünvanlanmamışdı. Biz hakimlərə hörmətlə yanaşırıq. "Qarabağ"la oyunda, mən şəxsən penaltinin olmadığını düşündüyümü demişdim. Amma biz hakimliklə bağlı heç nə deməmişik və heç vaxt da deməyəcəyik. Bu, düzgün deyil. Mən hüquqşünas olduğumdan, başa düşürəm ki, belə olmaz. Düzdür, mən orada penalti olmadığını düşünürəm. Hakim isə hesab edir ki, olub. Sonrasından xəbərdarsınız.
- Siz hesab etmirsiz ki, "Neftçi"ni məğlub etmək, "ASAN Xidmət"dən şəxsiyyət vəsiqəsi almaq qədər asandır?
- Xeyr, hesab etmirəm.