"Hədəfimiz 3 xal qazanmaq idi. Bunu bacardığımız üçün çox xoşbəxtik". Sportnet.az-ın məlumatına görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu İlkay Gündoğan "Qəbələ"ni Bakıda 3:1 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından sonra deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, matçın ilk 15 - 20 dəqiqəsi "Borussiya" üçün çətin keçib. Onun fikrincə, "Qəbələ" bir neçə təhlükəli an yaşatsa da, bunu bacarmayıb: "Açığı, "Qəbələ"dən belə başlanğıc gözləmirdik. Müdafiə futbolu sərgiləyəcəklərini düşünürdük. Hücum futbolu sərgiləmələri bizim üçün sürpriz oldu. Lakin "Qəbələ"nin hücumları zamanı müdafiədə çox yaxşı oynadığımızı və 3 qolla 3 xalı haqq etdiyimizi düşünürəm".
Gündoğan C qrupunda 2-ci yer uğrunda açıq mübarizənin gedəcəyini bildirib. Onun sözlərinə görə, "Qəbələ", Rusiya "Krasnodar"ı və Yunanıstan PAOK-u keyfiyyətli komandalardır: "Təbii ki, hədəfimiz qrupu lider kimi başa vurmaqdır. 2-ci pilləni hansı komandanın tutacağını bilmirəm. Amma hələ mübarizə davam edir. Biz də birinci pilləni təmin etməmişik. Baxarıq, görək necə olacaq".