
"Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının XI turunda AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini öyrənmək istərdik...
- Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma sevinirik ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi.
- Deyəsən, zədə alıb meydanı tərk etdin. İndi durumun necədir?
- İlk baxışda zədə kimi görünə bilərdi. Amma ayağıma sadəcə zərbə dəydi. Hər şey qaydasındadır.
- Premyer Liqanın son turlarında "Qarabağ"ın qarışıq heyətlə oynaması Avroliqa oyunlarında çətinlik yaratmır?
- Komandamızda yetərincə oyunçu var. Buna görə düşünürəm ki, baş məşqçimiz düzgün seçim edərək komandanı Avropa Liqasındakı oyunlara hazırlayacaq.
- Bilirik ki, Reynaldo ilə meydanda yaxşı anlaşırsan. Bəs Samuel Armentorosla necə?
- Reynaldo ilə üç il idir ki, birgə onlayırdıq. Buna görə onunla bir-birimizi başa düşmək asan olur. Armentoros yeni gəldiyi üçün hazırda biz onu öyrənirik, o da bizi. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük.
- Komandanın hazırkı oyunu səni razı salırmı?
- Biz həmişə çalışırıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər gün məşqdə və oyunda buna çalışırıq. Baş məşqçimiz yəqin ki, bunu görür. Futbolçuların bu məsələyə şərh verməsi düzgün olmaz.
- Ötən mövsümlə müqayisədə bu il o qədər də sürətli futbol oynamırsınız...
- Əvvəlki illərdə Leroy Corc və Muarem Muarem var idi. Onlarla bir-birimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə, zamana ehtiyacımız var.
- Belə çıxır ki, Leroy və Muaremin "Qarabağ”da yeri görünür?
- Hər ikisi komandamız üçün önəmli futbolçu idi. Amma baş məşqçimiz də komandada onların yerini dolduracaq oyunçularla təmin edib. Hər şey vaxt keçdikcə daha yaxşı olacaq.
- "Qarabağ”ın Avropa Liqasında üç oyunu qalıb. Qrupdan çıxmaq üçün doğma meydanda oynayacağınız "Monako” matçı yaxşı şansdır. Ümumiyyətlə, bu oyun barədə nə düşünürsən?
- İndiyə kimi ancaq AZAL matçı barədə düşünürdük. Bundan sonra "Monako" ilə görüşü fikirləşəcəyik.
- "Monako"nu məğlub etmək olar?
- Həyatda mümkünsüz heç nə yoxdur (Qol.az).