"4 il əvvəl "Qarabağ"la Avropa Liqasının "pley-off" mərhələsində "Borussiya" ilə səfər oyununda uduzmuşuq. Məğlubiyyətə baxmayaraq, pis təsir bağışlamamışdıq. Rəqibin gözəl azarkeşləri var. Belə azarkeşlər önündə oynamaq hər bir futbolçu üçün fəxrdir". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, 2012-ci ildə "Neftçi"nin heyətində ikən İtaliya "İnter"i ilə Avropa Liqasının qrup mərhələsinin "San Siro"dakı oyununu və nəticəni Dortmunddakı BVB stadionunda da sərgiləmək olar: "Komandada özünə inam var. İstəklə, həvəslə oynasaq, o nəticəni burada da əldə edə bilərik".
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.