
Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov klublarımızın Avropa Liqasındakı debütünü şərh edib. Hüseynov Sportnet.az-a müsahibnəsində "Qəbələ" və "İnter"in I təsnifat mərhələsindəki ilk oyunlarındakı çıxışlarından danışıb.
- "İnter"in Moldova "Tiraspol”u üzərində 3:2 hesablı qələbəsi haqda nə deyə bilərsiniz?
- "İnter"in oyununa yaxşı baxa bilmədim. İnternet vasitəsilə izləyirdim, ancaq yaxşı baxmaq olmurdu. Ona görə hansısa fikir bildirmək çətin olar. Qələbə qazandıqları üçün "İnter"i təbrik edirəm. Əvvəlki açıqlamalarımda da demişdim ki, "İnter" qələbə qazanacaq. Təmsilçimizin səfərdə 2 qol buraxması problem yaratmayacaq.
- Yəqin ki, "Qəbələ"nin "Şiroki Briyeq"lə matçını izlədiniz...
- İlk hissədə başabaş mübarizə getdi. Ancaq 2-ci yarıda Azərbaycan təmsilçisi zəif təsir bağışladı və bunun da nəticəsində məğlub oldu. Demişdim ki, "Qəbələ"ni hələ tanımırıq. Yəni nə cür oyun oynadığını bilmirik. Baş məşqçi və oyunçu problemi özünü göstərdi.
- Ruslan Abışov oyun praktikasından əziyyət çəkir. Onun "Rubin"in ehtiyatından birbaşa Avroliqa oyununda start heyətinə salınması düzgün idi?
- Abışov yaxşı futbolçudur. Azərbaycanın ən yaxşı futbolçularından biridir.
- Ancaq oyun praktikası azdır...
- Praktikası olmaya bilər, ancaq təcrübəsi çoxdur. Biz ondan danışmalıyıq ki, hazırlıq dövrü necə keçdi. "Qəbələ" komanda şəklində meydanda zəif təsir bağışladı. Fərdi şəkildə fərqləndirmək doğru deyil. Baş məşqçi bu oyuna komandanı hazırlaya bilərdi.
- Vladimir Levinin start heyətində meydana çıxmasını necə qiymətləndirirsiniz?
- Levin də çoxdandır oynamırdı. O, dünən çox zəif təsir bağışladı. Amma komandanın baş məşqçisi var və bütün bunlar onun səlahiyyətindədir. Razıyam ki, dünənki oyunda zəif çıxış etdi. Ancaq belə düşünürəm ki, baş məşqçinin əlində futbolçu olmadığı üçün bu addımı atıb.
- Amma əlinin altında olan Nizami Hacıyev, Viktor Mendi də gözləniləni verə bilmədi...
- Bu, ilk oyun idi. Yuri Syominin dövründə komanda formada idi, ancaq indi ilk oyununa çıxdı. "Qəbələ" fiziki cəhətdən də çox pis təsir bağışladı. Məhz buna görə də futbolçuların ayaqları sözlərinə baxmadı. Nəinki siz qeyd etdiyiniz futbolçular, ümumilikdə komanda çox zəif təsir bağışladı.
- "Qəbələ"nin son mövsümdəki oyunu ilə dünənki çıxışı arasında hansı fərqlər nəzərə çarpır?
- Açığını deyim, elə də ciddi fərq yoxdur. Əvvəl necə oynayırdılarsa, indi də elədir. Yalnız baş məşqçi dəyişib.
- Bu baş məşqçi və bu heyətlə cavab oyununda hansısa uğurdan danışmaq olar?
- Mərhələ keçməyi bir az çətin olacaq. İnanmıram ki, "Qəbələ" növbəti mərhələyə keçsin. Ancaq çox istərdim ki, təmsilçimiz bunu bacarsın.
- Bəs heç olmasa səfərdə heç-heç edib Azərbaycanın klub reytinqinə xal gətirməsinə necə, inanırsınız?
- Açığı, dünən gördüklərimə əsasən inanmıram.
- Analoji vəziyyətlə vaxtilə "Karvan"ın "sükanı arxası"nda olarkən üzləşmisiniz. Çexiya "Slaviya"sı ilə 2006-2007-ci il mövsümünün UEFA Kubokunun II təsnifat mərhələsinin ilk oyununda 0:2 məğlub olduqdan sonra keçirilən mətbuat konfransında səfərdən xalla dönə biləcəyinizi bildirmişdiniz...
- Həmin sözləri boş yerə deməmişdim. "Slaviya"nı Bakıda məğlub etməli idik. Hesab 0:0 olanda futbolçumuzun zərbəsi dirəkdən döndü. Qapımızda ilk qolu gördükdən sonra Cavad Mirzəyev təkbətəkdən yararlana bilmədi və bizi əks-hücumda yaxalayan qonaqlar 2-ci topu vurdular. İlk oyuna əsaslanaraq, demişdim ki, səfərdən ən azı heç-heçə ilə dönə bilərik. Biz Çexiyada qalib də gələ bilərdik. Son dəqiqəlrdə, səhf etmirəmsə, Yakubu Bambanın zərbəsi qapı tirindən döndü. Ancaq "Qəbələ" haqda nikbin fikir söyləyə bilmirəm. Bir komanda ki, 90 dəqiqə ərzində rəqib qapısına 1 zərbə belə endirməyib, onun barəsində necə deyim ki, təkrar oyundan heç-heçə və ya qələbə ilə qayıda bilər?
- Dorinel Muntyanu dünən oyunsonrası mətbuat konfransında cavab oyununda möcüzə etməyə çalışacaqlarını bildirib. Siz bu möcüzəyə inanırsınız?
- Yox, mən möcüzəyə inanmıram. Ancaq istəyərdim ki, komandamız növbəti mərhələyə yüksəlsin.
Rövşən ƏHLİMANOĞLU