"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-la keçirdikləri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Qol vura bilmədik deyə, qələbə qazana bilmədik. Hücumları lazımınca reallaşdırmaqda problem yaşadıq.
- Zədədən yeni qayıtmağına baxmayaraq, heç də pis təsir bağışlamadın...
- Reabilitasiyanı yaxşı keçdim. Məşq etdim və daha da yaxşı qapıda dayanmağa çalışıram.
- "Qəbələ"nin qrupda qalmasının səbəbi nə oldu?
- Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan. Bizim də hər oyunda çox qol imkanlarımız olurdu.Bakıdakı PAOK-la görüşdə, Rusiyada "Krasnodar"la görüşdə çox qol imkanından istifadə edə bilmədik. Hələ "Borussiya" ilə Bakıdakı görüşü xüsusi qeyd edərdim. İlk dəqiqələrdə gözəl qol şanslarımız oldu. Heç olmasa ikisindən istifadə edə bilsəydik, oyun daha da maraqlı olardı. PAOK-la görüşdə də hücumları reallaşdıra bilmədik. Elə ona görə qələbə qazana bilmədik.
- Demək olar ki, "Qəbələ"nin hazırkı problemi elə hücum xətti ilə bağlıdı?
- Xeyr, belə demək olmaz. Çünki biz hamımız hücum edirik, eyni zamanda hamımız müdafiə olunuruq. Ona görə demək olmaz ki, hücumçularımızda, ya hücum xəttimizdə problemlər var. Bütün komanda qələbə üçün hazırlaşır, bir tək hücumçu yox.
- "Krasnodar" "Borussiya"ya qalib gələcəyini gözləyirdin, yoxsa sənin üçün sürpriz oldu?
- Açığını deyim düşünmürdük ki, belə olar. Amma bildiyim qədərilə "Borussiya" Rusiyaya elə də güclü heyətlə yollanmayıb. Ancaq bu futboldu. "Borussiya" öz vəzifəsini yerinə yetirir, biz öz vəzifəmizi. Sadəcə bəzi oyunlarda bəxtimiz də gətirsəydi, sonluq daha maraqlı olardı.
- Avropa Liqanın son turunda "Krasnodar"la oynayacaqsız. Artıq onlar da qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəldilər. Səncə, "Krasnodar" da "Borussiya"nın yolu ilə gedəcək?
- Düzünü desəm, "Krasnodar"ın Bakıya əsas və ya zəif heyətlə gəlməsinin mənim üçün fərqi yoxdu. Açığı indidən heç "Krasnodar" matçı barədə düşünmək istəməzdim. Çünki "Krasnodar"la oyuna hələ çox var. Bu oyuna kimi çempionatda çox oyunumuz var, onları düşünməliyik.
- Hər halda, nəhayət ki, qrup mərhələsində ilk qələbənizi qazana biləcəksiz?
- Baxaq da. Bizim ümidimiz də belədi. Amma bayaq da dediyim kimi, "Krasnodar"la oyuna hələ çox var. Biz indi "Rəvan"la oyunu düşünməliyik. Həmin oyuna kimi bərpa prosesini keçib, yaxşı nəticə qazanmaq lazımdı. Əlbəttə ki, "Krasnodar"la oyuna da ciddi hazırlaşacağıq və demək olmaz ki, bu görüş heç nəyi həll etmir. Bəli, biz özümüzü son tur olsa belə, Avropa Liqasında ən yaxşı tərəfdən göstərməliyik.
- Qış "transfer pəncərəsi"nin açılmasına az qalıb. Hansısa klublardan təklif almısan?
- Açığı yoxdu. Heç indiki zamanda hansısa təkliflərin olmasını da istəməzdim. "Qəbələ"də hər şey məni qane edir. Kollektiv, atmosfer, hər şey ürəyimcədi. "Qəbələ"də olmağıma və bu komandaya kömək etdiyimə görə şadam.
- Premyer Liqada enişdəsiniz. Bunun əsas səbəbi eyni zamanda avrokuboklarda çıxış etməyiniz idi?
- Bu barədə bir söz deyə bilməyəcəm. Bütün uşaqlar qələbə qazanmağı çox istəyir. Hamımız da qarşıya qoyulan məqsədə çatmaq üçün çox çalışırıq. Digər ölkələrin çempionatında da belə hadisələr olur. Bir mövsümdə 60-a yaxın oyun oynayırlar, həmin vaxtda da eniş-çıxış olur. Ümid edirəm ki, "Rəvan"la oyunda uğurlu nəticə qazanacağıq və hər şey qaydasına düşəcək.