"Neftçi"nin futbolçusu Ruslan Qurbanov "Qaradağ Lökbatan"ı 8:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərdiniz?
- Belə böyük hesabla qalib gəldiyimiz üçün çox sevinirik. Çox qol vurmaq kimi vəzifəmiz yox idi. Sadəcə, məqsədimiz qələbə idi. Yəqin ki, bu gün bizim günümüz olduğundan, 8 qol vurduq.
- Amma qələbəni təmin edəndən sonra da komandanız irəli atılırdı...
- Açığı, səbəbini dəqiq deyə bilmərəm. Yəqin ki, uşaqlar özlərini baş məşqçiyə sübut etmək istəyirdilər ki, oynaya, qol vura bilirlər.
- Samir Əliyevin vaxtında niyə özlərini sübut etmək istəmirdilər?
- Əsgər Abdullayevin gəlişindən sonra nə isə dəyişməyib. Yenə də əvvəlki kimi məşq edir, oyunlarımızı keçiririk. Amma ola bilsin, Abdullayevin təcrübəsi kömək edir.
- "Rəvan”la qarşılaşmadan sonra demişdiniz ki, bəzi futbolçular ürəklə oynamaq istəmirlər. Bu gün isə tam əksi oldu. Bəlkə onlar baş məşqçini dəyişmək istəyirdilər?
- İnanmıram ki, kimsə onun getməsini istəyirdi. Amma həqiqətən də oyuna 100 faiz güclərini sərf etmirdilər. Bəlkə də mənim sözlərim oyunçulara çatdı və biz 3 oyunda 3 qələbə qazandıq.
- Bəs oyunçuların özlərinin məsuliyyəti yox idi ki, sizin sözlərinizə reaksiya verdilər?
- Sadəcə, ola bilsin, bəzi futbolçular doğrudan da hansı komandanın formasını geyindiklərini başa düşmürdülər. "Neftçi” adi komanda deyil, xalqın komandasıdır.
- Elə isə xalq komandası oyunu niyə bos tribunalar önündə keçir?
- Çünki Azərbaycanda yalnız nəticəni sevirlər. 3 il öncə "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunu doldururdu. İndi isə "Qarabağ" həmin arenanı doldurur. Çünki Avropa Liqasında oynayır. Sabah "Neftçi" də Avroliqada çıxış etsə, belə olacaq. Yəni, yalnız avrokubok matçlarına gəlirlər.
- Azərbaycan çempionatının I Divizionuna "Qaradağ Lökbatan"ın timsalında necə qiymət verərdiniz?
- "Qaradağ Lökbatan” yaxşı komandadır. I Divizionda 2-ci pillədə gedir. Sadəcə, ola bilsin, bu gün oyunları alınmadı. "Qaradağ Lökbatan"a uğurlar arzu edirəm. Bu komanda Premyer Liqada oynamağa layiq olduğunu sübut edəcəklər.
- Oyunda çox əziyyət çəkdiniz, yoxsa məşqdə?
- (Gülür) Bu gün daha çox yorulduq. Dünənki məşq yüngül idi.
- Qarşıda "Zirə” və "Qəbələ” ilə oyunlar var. Qələbə seriyasını davam etdirmək olacaqmı?
- Qələbə seriyamızı davam etdirmək və hər iki rəqibdən revanş almaq istəyirik. Həmçinin, turnir cədvəlindəki vəziyyətimizi düzəldərək, qış fasiləsinə ilk "3-lük”də yollanmaq fikrindəyik.