
"Qəbələ" klubu növbəti futbolçu transferini həyata keçirib. Slovakiyalı mərkəz müdafiəçisi Pavol Farkaşın "qırmızı-qaralar"la müqavilə imzalayacağı barədə ilk dəfə Sportnet.az-ın yaydığı xəbər rəsmən təsdiqlənib.
29 yaşlı oyunçu 1 illik anlaşmaya qol çəkib. O, yeni komandasında 26 nömrəli forma ilə çıxış edəcək. "Qəbələ" ötən gün Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynovla müqavilə bağlayıb.
Qeyd edək ki, 27 mart 1985-ci ildə anadan olan Pavol Farkaş futbolçu karyerasına 2003-cü ildə Slovakiyanın "Nitra" klubunda başlayıb. 2007-ci ilə qədər adıçəkilən komandanın şərəfini qoruyan müdafiəçi daha sonra "Petrjalka" (Slovakiya, 2007-2008), "Vasluy" (Rumıniya, 2009-2012), "Kyevo" (İtaliya, 2012) və "Ternana"nın (İtaliya, 2013) formasını geyinib. Farkas 3 dəfə Slovakiya milli komandasının heyətində yer alıb.