"Xəzər Lənkəran"dan ayrılaraq "Qarabağ"la anlaşan Rahid Əmirquliyev özünə yeni forma nömrəsi seçməli olacaq. Sportnet.az-ın məlumatına görə, sabiq klubunda 14 nömrə ilə çıxış edəmn yarımmüdafiəçinin Ağdam təmsilçisinin heyətində də bu nömrə ilə çıxış etməsi mümkünsüz görünür.
Buna səbəb komandada bu nömrənin kapitan Rəşad Sadıqova məxsus olmasıdır. Məsələ ilə bağlı Sportnet.az-a açıqlama verən klubun direktoru Əmrah Çəlikəl bunları deyib: "Güman ki, Rahid özünə yeni nömrə seçəcək. Çünki onun çıxış etdiyi 14 nömrəsi illərdir "Qarabağ"da çıxış edən kapitan Rəşada aiddir. Bu nömrənin Rəşadda qalması daha düzgün olar. Amma yenə də bu məsələ futbolçuların öz öhdəsindədir. Onlar öz aralarında danışıb bunu həll edə bilərlər".
Qeyd edək ki, Rahid Əmirquliyev sabiq klubu "Xəzər Lənkəran"da 14, milli komandada isə 19 nömrəli forma ilə çıxış edir.