
"İlk olaraq Ramin Musayevin bayramını təbrik edirəm. Ola bilər ki, köməkçiləri onu düzgün məlumatlandırmayıblar. Çünki Peşəkar Futbol Liqası qadağa qoyan qurum deyil". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov PFL prezidenti Ramin Musayevin borc səbəbindən klublara transfer qadağasınin qoyulduğuna dair fikirlərinə münasibət bildirərkən deyib.
T.Nadirov "Xəzər Lənkəran"ın borcu olduğunu gizlətməyib. Klub rəsmisi buna baxmayaraq, PFL-in transfer qadağası qoymaq hüququna malik olmadığını söyləyib: "Xəzər Lənkəran" həmişə pulu birinci ödəyən klublardandır. Düzdür, bizim borcumuz var, amma bu da ödəniləcək. Alacaqlarımızı aldıqda borclar ödəniləcək. Baş sponsordan əlavə, sponsorlarımız da var. Onlar da müəyyən qədər dəstək olurlar. Digər tərəfdən, yayım məsələsi var. Biz bunu inkar etmirik, verəcəyimiz var. PFL-i də başa düşürük, onlar çempionatı təşkil edir, çempionatı yüksək səviyyədə keçirirlər. Ancaq yardımçıları ona düzgün məlumat verməyiblər. Çünki bu işə sırf AFFA İntizam Komitəsi baxır. Klubun legionerlərə görə üzvlük haqqı ödənişinə borcu var. Ancaq biz PFL-dən top almamışıq, xaricdən gətirmişik. Ola bilsin, top məsələsini Ramin müəllim zarafatca deyib. Biz öz topumuzla oynayırıq. Akademiyamızı isə müqaviləmiz olduğu üçün "Puma" şirkəti topla təmin edir".