
Bakı "İnter”inin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi
İsveç "Elfsborq”unun autsayder "Brommapoykarna” ilə ölkə çempionatı matçını "bankirlər”in
prezidenti Georgi Nikolov şərh edib. Nikolov Sportnet.az-a açıqlamasında 15-ci
tur qarşılaşmasından 2:2 hesablı heç-heçə ilə ayrılan "Elfsborq”un evdə
büdrəməsindən xəbərdar olduğunu bildirib.
O, "İnter”in səfərdə keçirəcəyi ilk matçda qol vurmasının vacibliyini vurğulayıb: "Rəqibimiz autsayderlə görüşdə qapısında 2 qol görübsə, bu, bizə əlavə ruh yüksəkliyi verir. Deməli, "Elfsborq”un müdafiə xətti elə də etibarlı deyil. Qalır yaradacağımız imkanlardan yararlanmaq”.
Klub funksioneri "Elfsborq”un futbolçusunun topu öz qapısına vurması faktına da münasibət bildirib. Nikolov adını bilmədiyi oyunçunun "İnter”lə qarşılaşmada da eyni "qəhrəmanlığ”ı təkrarlamasını arzulayıb: "Arzum yerinə yetsə, ona minnətdar olaram. Həmin futbolçunun adını bilmirəm. Təki o öz qapılarına qol vurmaqda davam etsin. Bizimlə qarşılaşmada da eyni "fədakarlıq”la seçilsə, şəxsi imzamla ona təşəkkür məktubu ünvanlayacağam”.
Qeyd edək ki, "Elfsborq”la "İnter” arasında ilk oyun iyulun 17-də
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. "Brommapoykarna” ilə görüşdə
avtoqola Henning Hauger imza atıb.