Böyük Britaniyanın baş nazir müavini Nik Kleqq 2018-ci ildə keçiriləcək Dünya çempionatına Rusiyanın ev sahibliyi etməsini ağlasığmaz addım adlandırıb. Sportnet.az-ın məlumatına görə, Kleqq buna səbəb kimi hazırda Ukrayna və Rusiya arasında davam edən siyasi gərginliyi göstərib.
Baş nazir çıxışında bir neçə gün öncə Rusiya-Ukrayna sərhəddində Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına toxunub. Onun fikrincə bu cür gərginlikdən sonra Rusiya belə mötəbər turnirin təşkilində uğursuz olacaq. Kleqq FİFA-ya səslənərək, bu turnirin Rusiyada keçirilməməsini istəyib.