
Yeniyetmələrin 2014-cü il Nanjinq Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının siyahısına daha 5-i əlavə olunub. Bu barədə Sportnet.az-a olimpiadada ölkəmizin şef de-missionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, avqustun 16-da start götürəcək Oyunlarda Suğraxanım Müqabilzadə kamandan oxatma, Ürfan Axundov isə güllə atıcılığının pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma növündə "vayld-kart"la iştirak hüququ əldə edib. Bundan başqa, İlkin Əliyev (52 kq), Bayram Şəmmədov (60 kq) və Yerkin Osmanov (70 kq) uşu növü üzrə ölkəmizi təmsil edəcəklər. Amma uşu yarışları Çinin milli idman növü kimi müsabiqədənkənar xarakter daşıyacaq. Yəni, qaliblərə medallar təqdim olunsa da, olimpiadanın medal sıralamasında əksini tapmayacaq.
Beləliklə, Nanjinqdə Azərbaycanı 10 növ üzrə 24 idmançı təmsil edəcək. Daha öncə 7 növ üzrə 19 idmançı - Teymur Məmmədov (sərbəst güləş – 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq), Leyla Qurbanova (qadın güləşi, 52 kq), Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq), İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Boris Yotov (akademik avarçəkmə, 1 nəfərlik qayıq), Natiq Qurbanlı (cüdo, 55 kq), Leyla Əliyeva (cüdo, 44 kq), Səid Quliyev (taekvondo, 73 kq), Gülhanım Yeşildağ (taekvondo, 55 kq), Ceren Özbek (taekvondo, 44 kq), Safiye Polat (taekvondo, 49 kq), Məhəmmədəli Tahirov (boks, +91 kq), Rüfət Hüseynov (boks, 49 kq), Məsud Yusifzadə (boks, 52 kq), Elvira Həsənova (üzgüçülük, sərbəst üsulla), Nazim Babayev (atletika, 3 təkanla tullanma), Benafeta Hadiyes (qaçış, 3000 metr) və Yelena Qladkovanın (atletika, şüvüllə tullanma) olimpiadada mübarizə aparacağı açıqlanmışdı. Nümayəndə heyətimiz səfərə avqustun 15-də çıxacaq.
Qeyd edək ki, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı 6 növ – güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo və kanoe növlərində üst-üstə 12 idmançı təmsil edib. Onlardan 5-i qızıl, 3-ü gümüş medal qazanıb.