
Avqustun 9-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan Soçidə "Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar. Sportnet.az-ın "AzərTAc"a istinadən məlumatına görə, yarışların fəxri qonaqları arasında Rusiyanın baş naziri Dmitri Medvedev və digər rəsmi şəxslər də olub.
"Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.
Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğulayıb. Rusiya prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.





