
"Mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Sadəcə, türkəm. Azərbaycanla Türkiyə bir-birinə qardaş ölkələr olduğundan, burada oynamaq mənə rahat göründü və təklifi qəbul etdim. İstənilən halda Azərbaycan yığmasının formasını geyinmək mənim üçün şərəfdi"". Sportnet.az-ın məlumatına görə, bunu İsveç "Kalmar"ından milli komandamıza çağırılan müdafiəçi Emin Nuri deyib.
29 yaşlı futbolçu bildirib ki, onu yığmamıza baş məşqçi Berti Foqtsun köməkçisi Volfqanq Rolff dəvət edib: "Foqtsun köməkçisi Rolff mənim oyunumu izləyərək bəyənib. Ondan sonra məni yığmaya dəvət etdilər. Çağırılmağımda İsveçdə yaşayan İqor Ponomaryovun rolu olmayıb. Sadəcə, onun oğlu Anatoli Ponormaryovla "Kalmar"da birgə oynamışıq, onu elə tanıyıram. Başqa heç bir söhbətimiz olmayıb".
Qeyd edək ki, Emin Nuri Azərbaycan millisinin avqustun 20-də Özbəkistan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə çağırılıb.