Bakının AZAL komandasının baş məşqçisi Tərlan Əhmədovun Sportnet.az-a müsahibəsi
- Keçmiş klubunuz "Neftçi"nin Avropa Liqasındakı çıxışını, xüsusən Serbiyada "Partizan”la ilk oyununu necə dəyərləndirirsiniz?
- Hesab 2:0 "Neftçi”nin xeyrinə olanda, elə fikirləşirdim ki, böyük hesablı qələbə olacaq. Ancaq futbolun görünməyən qara üzü də var. Bununla belə, "Neftçi” hələ itirmiş sayılmır. Rəqib meydanda 2 top vurub. Bakıda isə 1 qol kifayətdir ki, mərhələ keçsinlər. Düşünürəm ki, bunu bacaracaqlar. Bu oyuna kimi "Neftçi” səfər matçlarında inamlı oyun nümayiş etdirirdi. Ancaq "Partizan”la oyunda 2:0-dan sonra bir az arxayınlaşma yarandı, komanda sərbəstləşdi. Bunun nəticəsində isə rəqib öz səviyyəsini, Avropa klubu olduğunu nümayiş etdirdi və bildirdi ki, belə klublara qarşı oyunda sərbəstlik olmaz.
- Buraxılmış 3 topdan 2-ni "Neftçi”nin futbolçuları öz qapısına vurdu. Demək olarmı, "Neftçi” bu oyunda "Partizan”a yox, öz futbolçularına uduzdu?
- Futbolda heç kim belə şeylərdən sığortalanmayıb. İstənilən futbolçuda bu cür hal ola bilər. Heç kim istəməz ki, oyunda antiqəhrəmana çevrilsin. Bu gün "Neftçi” bədbinliyə qapanmamalıdır ki, 5 topdan 4-ünü biz vurmuşuq. Futboldur, irəliyə baxmaq, qarşıdakı oyuna köklənmək lazımdır. "Neftçi”nin şansı "Qarabağ”a nisbətən daha çoxdur. Həm rəqib meydanında vurduğu 2 qol, həm də Bakıda azarkeş dəstəyi sayəsində komandamız uğur qazanacaq.
- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, Sizin yetirmələriniz də elə Sizin kimi avtoqola daha çox meyllidir. Keçmiş futbolçularınızla yanaşı, AZAL-da Tural Nərimanov da ötən tur "Simurq”la oyunda öz qapısına top vurdu...
- Elvin Yunuszadə, Denis Silva hazırda mənim yetirmələrim deyil. Turala gəldikdə, o, hələ gəncdir. Oyun anında hər şey ola bilər. O ki qaldı mənim avtoqoluma, bu, çoxlarını qıcıqlandırır. Mən yenə öz qapımıza 2-3 top vurmuşamsa, tarixdə 7 qol vuranlar var, heç onların adı çəkilmir. Futbol - kabinetdə oturub yazı yazmaq deyil. Futbol - tamam başqadır. Oyun anında heç kim heç nədən sığortalanmayıb.
- Vaxtilə futbolçu qismində çıxış etdiyiniz "Qarabağ”ın "Tvente” ilə ilk oyununu necə qiymətləndirirsiniz?
- Əvvəldən demişəm ki, hər iki klubumuz mərhələdə adlayacaq. Ancaq "Qarabağ” rəqib meydanında oynayır. Ağdamlılar mərhələ adlamaq üçün evdə heç olmasa, bir qol vurmalı idi. Ümid edirəm ki, "Qarabağ” bu dueldən alnıaçıq çıxacaq və mərhələni keçəcək.
- Sonda hazırkı komandanız barədə. Bu il AZAL-ın qarşısına hansı məqsədlər qoyulub?
- Qarşımıza birinci yeri tutmaq məqsədi qoyulmayıb. Özümüz rəhbərliyə bildirmişik ki, oynayıb, ən azı, ilk beşlikdə qərarlaşacağıq. Hazırda iki aparıcı futbolçumuz - Ruslan Məcidovla Tomi Kostadinov zədəlidirlər. Onlar hələ 3 həftəyə komandamıza qoşula bilərlər.
- "Neftçi” kimi iddialı klubdan sonra elə də böyük hədəfləri olmayan AZAL-da çalışmaq Tərlan Əhmədova çətinlik yaratmır?
- Məsuliyyət hər ikisində böyükdür. AZAL-da yeni komanda qurmuşuq, yavaş-yavaş heyəti təkmilləşdirirk. Burada tələblər başqadır, "Neftçi”də başqa. Sadəcə, "Neftçi” tarixi klub olduğundan, oranın məsuliyyəti, iş sistemi daha ağırdır.
Röya KƏRİMLİ