
Futbol üzrə Çempionlar Liqasında 2013/2014-cü il mövsümünün qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş” stadionunda baş tutacaq final görüşündə İspaniyanın paytaxtı Madridin iki təmsilçisi üz-üzə gəlib.
"Real Madrid" "Atletiko" ilə görüşün ilk yarısında məğlub duruma düşüb. Amma "Atletiko"nun tarixi zəfəri qeyd etməyə hazırlaşdığı bir vaxtda "kral klubu" bərabərlik qolunu vuraraq, matçı əlavə vaxta daşıyıb.
30 dəqiqəlik bölümdə isə "Real Madrid" 3 qol vurub. Beləliklə, böyük hesabla qalib gələn "kral klubu" 12 ildən sonra Çempionlar Liqasının qalibi olub. Bu, həm də "Real Madrid"in tarixində 10-cu çempionlar kuboku olub. Komandanın hücumçusu Kriştianu Ronaldu isə Çempionlar Liqasında 17 qolla rekordçu bombardir sayılıb.
23:45. "Real Madrid” (İspaniya) – "Atletiko” (İspaniya) - 4:1
Qol: Serxio Ramos, 90+3. Qaret Beyl, 111. Marselo, 117. Ronaldo, 120 - penalti ilə - Dieqo Qodin, 36
"Real Madrid": 1. Kasilyas, 2. Varan, 4. Ramos, 5. Fabio Koentrao (12. Marselo, 59), 15. Karvaxal, 6. Xedira (23. İsko, 59), 11. Beyl, 19. Modriç, 22. Di Maria, 7. Ronaldo, 9. Benzema (21. Alvaro Morata, 78)
Ehtiyat oyunçular: 25. Dieqo Lopes, 3. Pepe, 17. Arbeloa, 24. İllarramendi
"Atletiko": 13. Kurtua, 2. Qodin, 3. Felipe Luis (Alderveyreld, 83), 20. Xuanfran, 23. Miranda, 5. Tiaqo, 6. Koke, 8. Raul Qarsia (24. Sosa, 66), 14. Qabi, 9. David Vilya, 19. Dieqo Kosta (7. Adrian Lopes, 9).
Ehtiyat oyunçular: 1. Aransubia,
12. Alderveyreld, 4. Mario Suares, 11. Kristian Rodriges, 26. Dieqo
Sarı vərəqələr: Serxio Ramos, 17. Sami Xedira, 45+1. Marselo, 117. Kriştianu Ronaldu, 120. Rafel Varan, 120 - Raul Qarsiya, 17. Miranda, 52. David Vilya, 72. Koke, 87. Qabi, 99
Baş hakim: Byorn Köypers (Hollandiya)
Oyundan öncə
Tarixində 10-cu dəfə Çempionlar Kubokuna sahib olmaq "Real Madrid"in qarşısında duran ən ümdə vəzufədir. Həm azarkeşlər, həm klub prezidenti Florentino Peres, həm də dünyanın ən yaxşı futbolçusu Kriştiano Ronaldo üçün bu, olduqca cəlbedici faktordur. "Kral klubu” üçün mövsüm ərzində yalnız İspaniya Kuboku ilə kifayətlənmək, sadəcə, ayıbdır! Ancaq 10-cu dəfə Çempionlar Liqasının kubokunu qazanmaq təzyiqi həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Baş məşqçi Karlo Ançelotti bu mövsüm ərzində vəziyyətə uyğunlaşma bacarığını ortaya qoyub. Mövsümün əvvəlində həmşəhərlilərinə məğlub olan "Real Madrid” növbəti 3 oyunda Tibo Kurtuanın qapısına 7 qol vurub. Dünyanın ən etibarlı müdafiə xəttinə sahib olan komandalardan birini bu dərəcədə məyus etmək asan məsələ deyil! İtaliyalı mütəxəssis eyni oyunu "Barsa”nın da başına açıb – çempionatda 2 dəfə məğlub olsa da, Kubokun finalında taktikanı dəyişib və qələbəni bayram edib.
"Real Madrid”in futbolçuları rəqiblərindən həm fiziki, həm də psixoloji baxımdan daha hazırlıqlıdırlar. Artıq 2 həftədən də çoxdur ki, onlar meydana təzyiq altında çıxmırlar. Hər şey mayın 7-də "Valyadolid”ə məğlubiyyətdən sonra bitib. "Atletiko” isə əksinə, həftəsonunadək çempionluq savaşında döyüşçülərini itirirdi. Hətta Ronaldo bugünkü oyuna 100% hazır olmasa da, digər dincəlmiş ulduz armadası – Beyl, Di Mariya, Modriç, İsko – 60 dəqiqəyə rəqib müdafiəsini yetərincə yormalıdır.
Bəs "Atletiko”?
Əvvəla onu qeyd edək ki, baş məşqçi Dieqo Simeonenin komandası final matçlarını sadəcə möhtəşəm keçirir. Son 4 mövsüm ərzində "Atletiko” 2 dəfə Avropa Liqası Kubokunu başı üzərinə qaldırıb. Eyni sayda Superkubok da Madrid təmsilçisinin aktivinə yazılıb. Bununla yanaşı, komanda bir dəfə "Kral Kuboku”na sahib çıxıb. Elə "Barselona”ya qarşı son – 38-ci turdakı görüşü də bura əlavə etmək olar. Ötən 14 ildə ilk dəfə çempionluq titulunun qazanılması da komandanı arxayınlaşdıra bilməz. Çünki Simeone buna imkan verməz. Çətin ki, Avropa futbolunda kimsə onun qədər əlində olan məhsuldan bu qədərini sıxıb çıxara bilər.
Özü də sanki çətin sınaqlar "Atletiko”nu bir az da möhkəmləndirir. Bəli, Dieqo Kosta və Arda Turanın oyunda iştirakı sual altındadır. Ancaq Madrid təmsilçisi dəfələrlə sübut edib ki, sıradan çıxmış əsgərin əvəzinə müharibə meydanına atılan döyüşçü dostu komandanı darda qoymayacaq. Dəst-xəttinə görə Simeonenin komandası "Real” üçün ən arzuolunmaz rəqiblərdən sayılır. Onlara topa sahib olmaq lazım deyil, müdafiə xəttini Beyl və Ronaldonun yürüşləri üçün heç vaxt boş saxlamazlar. "Atletiko” nəticə xətrinə gözləməyi bacarır. Əgər Simeonenin komandası hesabı aça bilsə, görüşün əsl sahibinə çevriləcək. Ancaq son qeyd hər iki komandaya şamil oluna bilər.
"Atletiko” qalib gələcəyi təqdirdə Arda Turan Çempionlar Kubokuna sahib olmuş ilk türkiyəli futbolçu kimi tarixə düşəcək. Futbolçu və məşqçi kimi ümumilikdə 7-ci dəfə Çempionlar Kubokunun final həyəcanını yaşayacaq Ançelotti 2 dəfə futbolçu, eyni sayda da məşqçi kimi bu turnirin qalibi olub.
Dieqo Simeone ("Atletiko”nun baş məşqçisi): "Nə qədər çətin qarşılaşma keçirəcəyimizi gözəl başa düşürük. Ancaq komandam bu mövsüm əsl xarakter nümayiş etdirdi və çıxdığımız hər bir görüşə final gözü ilə baxdıq. La Liqanı qazanma sevincini yaşamaq və həmin motivasiyanı finala da daşımaq niyyətindəyik”.
Karlo Ançelotti ("Real Madrid"in baş məşqçisi): "Mövsüm başlayanda qarşımıza finala çıxmağı vəzifə kimi qoymuşduq. Bu gün biz burdayıq. Bugünkü oyunun əhəmiyyəti barədə düşünməyə ehtiyac yoxdur, əsas diqqətimizi taktikaya və konkret tapşırıqlara yönəldirik. Əsas odur ki, təmkinli olaq, yaxşı məşq edək və komandaya düzgün yol göstərək”.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu hollandiyalı Byorn Köypersin başçılığı ilə hakimlər briqadası idarə edəcək. "Real Madrid"in heyətində Xabi Alonso cəza, Xese isə zədə üzündən oynamayacaq.
Ceyhun ƏLİYEV