Açıqlamada bildirilir ki, ilk olaraq, Topaz Premyer Liqasının II turunun "Qəbələ" ilə oyununda baş hakim Rəhim Həsənov 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz-Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlubiyyətinə səbəb olub. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşib. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. İlk hissənin son dəqiqələrində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı penalti yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu Paşayev qeydə almayıb. Səbəb kimi o, rəqib qapıçıya müdaxiləni göstərib. Oyunun hakim-inspektoru Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov olub.
Bəyanatda daha sonra deyilir: "İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı" sərəcama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadır. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin və millidə yalnız legionerlərin oynamasını qəbul etsin!"