
AFFA "Qarabağ"ın futbolçusu Reynaldo Dos Santosla Azərbaycan yığmasına cəlb olunmasının mümkünlüyünə dair danışıqlar aparacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.
O bildirib ki, danışıqlar "Qarabağ"ın Fransa "Sent Etyen"i ilə sentyabrın 18-də Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçınadək aparılacaq. Məmmədovun sözlərinə görə, braziliyalı hücumçu 8 ay öncə verdiyi müsahibədə millimizdə oynamağa hazır olduğunu deyib. Baş katib Reynaldonun fikrini şəxsən öyrənmək istədiklərini diqqətə çatdırıb.
Bununla yanaşı, AFFA rəsmisi "sambaçı"nın milliləşdirilməsi ilə bağlı bəzi problemlərin olduğunu əlavə edib: "Əvvəla, Azərbaycan pasportunu biz yox, Daxili İşlər Nazirliyi verir. 2008-ci ildə AFFA rəhbərliyinə gəldiyimiz vaxt qərara almışdıq ki, millimizdə yalnız etnik azərbaycanlılar oynaya bilərlər. Sual oluna bilər ki, niyə Almaniyadan əslən türkiyəli futbolçular da yığmamıza çağırılır? Cavabı belədir: Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Onların milliləşdirilməsində elə də çətinlik çəkmirik. Amma braziliyalı futbolçuların məsələsində durum fərqlidir. FİFA-nın qərarı var ki, hər hansı əcnəbi futbolçu başqa ölkə yığmasında çıxış etməkdən ötrü həmin ölkədə ən azı 5 il yaşamalıdır. Reynaldo isə Azərbaycana təqribən 3 il əvvəl gəlib. Ona görə də məsələ ilə bağlı FİFA-ya müraciət edəcəyik".