
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, toplantıda "Neftçi" və "Xəzər Lənkəran" arasındakı Topaz Premyer Liqasının V tur matçında qırmızı vərəqə almış qapıçı Saşa Stamenkoviçlə Tieqo de Xesusun da cəzaları müəyyənləşib.
Qərarlar aşağıdakılardır:
"Xəzər Lənkəran"la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Neftçi” 1000 manat cərimə olunub.
40-cı dəqiqədə "Neftçi”nin qapıçısı Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
90+3-cü dəqiqədə "Xəzər Lənkəran”ın müdafiəçisi Tieqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
"Simurq” – "Qəbələ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ziyana düşüb.
86-cı dəqiqədə "Qəbələ”nin futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza, klubu 200 manat cərimə ilə üzləşib.
20-ci dəqiqədə "Simurq” azarkeşləri meydana kənar əşyalar atdıqları üçün klub 2000 manat cərimələnib.