"Neftçi”nin hücumçusu Ernest Nforun Sportnet.az-a müsahibəsi
- Çempionatda əsas rəqiblərinizdən biri olan "Qarabağ”a məğlub oldunuz. Ümumilikdə oyun haqqında fikirləriniz necədir?
- Bu, bizim üçün çox vacib oyun idi. Matç qarşılıqlı hücumlar şəraitində keçdi. Amma hakimin penalti qərarı oyunumuzu alt-üst etdi. Düşünürəm ki, oyunda "Qarabağ”a məğlub olmadıq. Turnir cədvəlində mövqeyimizi qoruya bilmədiyimiz üçün üzgünəm.
- Komandanın təsəlli qolunu vurdunuz. Hansı hissləri keçirirsiniz?
- Mənim vəzifəm qol vurmaqdır. Lakin vurduğum qol komandama qələbə qazandırsaydı, daha yaxşı olardı. O zaman sevincimin həddi-hüdudu olmazdı.
- Qələbə sevincini yaşamağınıza nə mane oldu?
- Hakimin qərarları oyunumuza təsir etdi. Hamı bu maraqlı oyuna əylənmək üçün gəlmişdi. Lakin referinin səhv çalınan fitləri marağı öldürdü. Matç, fikrimcə, normal keçmədi.
- Nikolas Kanales komandaya qayıdanda hücum xəttindəki problemlərin aradan qalxacağı gözlənilirdi. Lakin, o, istədiyi oyunu göstərə bilmir. Buna səbəb nədir?
- Kanales haqqında danışmaq mənim işim deyil. Mənim vəzifəm "Neftçi”də oynamaqdır və öz işimi görürəm. Komandada kim daha güclüdürsə, baş məşqçi onu da əsas heyətdə buraxacaq. Kanales güclüdürsə, Kanales, Nfor güclüdürsə, Nfor oynayacaq. Bu haqqda qərar vermək mənlik deyil.
- Kanalesin hücum xəttində hələ də özünü göstərə bilməməsi Sizi arxayınlaşdırmır?
- Mən ancaq futbol haqqında düşünürəm. Kanales olmayanda da "Neftçi”də oynayırdım. Onun uğurlu çıxış edib-etməməsi məni maraqlandırmır. Lakin istərdim ki, birgə daha yaxşı çıxış edib "Neftçi”yə çempionluq bəxş edək.
İlkin SULTANLI