
"Xəzər Lənkəran"ın futbolçusu Rauf Əliyev komandanın yeni hücumçuya ehtiyacının olması barədə fikirlərə münasibət bildirib. 25 yaşlı forvardı Sportnet.az-a açıqlamasında Etame Mbilla və Junior Nildonun gedişindən sonra hücumda tək qalmadığını iddia edib.
O, tələskənliyə yol verdikləri üçün qol vura bilməmələrini deyib: "Hücumda heç də tək deyiləm. Cinahlarda Ağabala Ramazanov və Qalin İvanov da oynayır. Sadəcə, son anlarda tələsirik".
Əliyev oktyabrın 3-dən Azərbaycan millisinin düşərgəsində olacaq. O, yığmanın futbolçusu kimi əvvəlcə Almaniyada təlim-məşq toplantısında, ardından İtaliya və Xorvatiya ilə AVRO-2016-nın seçmə qrup matçlarında iştirak edəcək. Topaz Premyer Liqasında yaranacaq 3 həftəlik fasilədən sonra "Xəzər Lənkəran"ı oktyabrın 19-da "Bakı" ilə ev oyunu gözləyir. Futbolçu sabiq komandasına qalib gələcəklərinə inandığını bildirib: "Lənkərandakı oyunlar çox vacibdir. İnanıram ki, "Bakl"nı udacağıq".
Qeyd edək ki, Rauf Əliyev bu mövsüm Premyer Liqada 7 oyunda cəmi 1 qol vurub. "Xəzər Lənkəran" isə ümumilikdə rəqib qapılarına 5 dəfə yol tapıb.