"Bəzi elektron informasiya vasitələrində "İnter” futbol klubunun cari ilin yanvar ayında Türkiyənin Antalya bölgəsində keçirdiyi təlim-məşq toplanışı zamanı "Titanik Deluxe” otelinə guya borclu qaldığı barədə məlumatlar özünə yer tapıb. "İnter” rəhbərliyi bəyan edir ki, klubun adı sadalanan otelə hər hansı bir borcu yoxdur. Bunu otelin rəsmi nümayəndəsi də Azərbaycanın aparıcı mətbuat orqanlarından birinə açıqlamasında bildirib.
Qeyd etmək yerinə düşərdi ki, belə bir iddia ilə toplanışı təşkil edən AFSS şirkəti çıxış edir, bu şirkət göstərilməyən xidmətlərə görə "İnter”dən pul tələb edir. "İnter” xüsusilə vurğulayır ki, klub tərəflər arasında imzalanmış müqavilə üzrə maliyyə öhdəliyini tam yerinə yetirib və müqavilədənkənar əlavə iddia edilən borc məbləğini ödəməkdən imtina edib. Çünki AFSS şirkətinin təqdim etdiyi aktda bir sıra pozuntular aşkarlanıb və iradlarımız qarşı tərəfə çatdırılıb. AFSS şirkəti də bir neçə dəfə yeni akt göndərib və hər dəfə də aktda müxtəlif borc öhdəliklərinin olduğunu iddia edib. Klubun aktı birgə araşdırılması təklifi AFSS tərəfindən cavabsız qalıb və yekun akt bu günə kimi imzalanmayıb. Akt araşdırıldıqdan və imzalandıqdan sonra kimin kimə borcu olması bəlli olacaq.